
YAP VIII Qurultayı Azərbaycançılıq ideyasının müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi baxımından mühüm siyasi hadisədir. Azərbaycançılıq yalnız tarixi-mədəni anlayış deyil, müstəqil dövlətin bütün vətəndaşlarını vahid milli məqsədlər ətrafında birləşdirən siyasi və mənəvi platformadır. Bu ideyanın əsas gücü müxtəliflikləri qorumaqla ümumi dövlətçilik dəyərləri yaratmasındadır.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində Azərbaycançılıq ideyası mühüm yer tuturdu. Ulu Öndər Heydər Əliyev milli kimliyi dövlət müstəqilliyi, dil, tarix, mədəniyyət və milli həmrəyliklə əlaqələndirərək cəmiyyətin bütün təbəqələrinin vahid Azərbaycan ideyası ətrafında birləşməsini vacib hesab edirdi. Bu ideoloji xətt sonrakı dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni siyasi və sosial reallıqlara uyğun şəkildə davam etdirilib.
Müasir Azərbaycan vətəndaş kimliyi həm milli dəyərlərə bağlılığı, həm də dünyaya açıq olmağı ehtiva edir. Gənc nəsil qlobal informasiya və mədəniyyət məkanında yaşayır. Bu şəraitdə milli kimliyin qorunması dünyadan təcrid olunmaq deyil, öz dəyərlərini qlobal mühitdə inamla təqdim etmək deməkdir. Azərbaycan gənclərinin beynəlxalq təhsil, elm, idman və mədəniyyət layihələrində fəal iştirakı bu baxımdan mühüm imkan yaradır.
Azərbaycançılığın mühüm komponentlərindən biri də vətəndaş bərabərliyidir. Müxtəlif etnik, dini və sosial qrupların vahid dövlət daxilində bərabər hüquqlara malik olması milli həmrəyliyin əsasını təşkil edir. Bu yanaşma Azərbaycanın multikultural ənənələrinin qorunmasına və cəmiyyətdə qarşılıqlı hörmət mühitinin möhkəmlənməsinə xidmət edir.
YAP VIII Qurultayı Azərbaycançılıq ideyasının yeni mərhələdə daha müasir və praktik məzmun qazanmasına imkan yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi bu ideyanın siyasi dayaqlarını gücləndirib. YAP qarşıdakı dövrdə milli kimlik, dövlətçilik, vətənpərvərlik və müasir dünyagörüşünü birləşdirən siyasi maarifləndirmə modelini daha da inkişaf etdirməlidir.
Arif Məmmədov,
YAP Nizami rayon təşkilatının fəalı



