AnalitikaGündəmSiyasət

İdeoloji təhlükəsizlik milli təhlükəsizliyin mühüm istiqamətidir

Müasir dünyada dövlətlərin təhlükəsizliyinə təsir edən amillər yalnız hərbi və iqtisadi sahələrlə məhdudlaşmır. İnformasiya texnologiyalarının sürətli inkişafı ideoloji təhlükəsizliyi də milli təhlükəsizliyin mühüm komponentinə çevirib. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin bu məsələyə xüsusi diqqət yetirməsi müasir çağırışların düzgün qiymətləndirildiyini göstərir. Prezident İlham Əliyev vurğulayıb ki, ideoloji təxribatlar sərhəd tanımır və onların qarşısının alınması üçün cəmiyyətin maarifləndirilməsi vacibdir.

Azərbaycanın Zəfərindən sonra ölkəyə qarşı informasiya müstəvisində müxtəlif kampaniyaların aparılması bu məsələnin əhəmiyyətini daha da artırıb. Azərbaycanın siyasi, hərbi və diplomatik uğurlarını kölgədə qoymaq istəyən qüvvələr müxtəlif dezinformasiya üsullarından istifadə edirlər. Belə şəraitdə milli həqiqətlərin beynəlxalq və daxili auditoriyaya düzgün çatdırılması dövlət siyasətinin mühüm istiqamətinə çevrilir. Prezident İlham Əliyevin çıxışında ideoloji mübarizənin müasir üsullarla aparılmasının zəruriliyi məhz bu reallıqla bağlıdır.

İdeoloji təhlükəsizliyin ən mühüm dayaqlarından biri təhsildir. Savadlı və analitik düşüncəyə malik insan dezinformasiyanı daha asan müəyyənləşdirir və manipulyasiyalara daha az məruz qalır. Buna görə də dövlətin təhsil siyasəti yalnız iqtisadi və sosial inkişaf baxımından deyil, həm də milli təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır. Vətənpərvərlik hissinin gücləndirilməsi isə bu prosesin mənəvi dayağını təşkil edir.

Yeni Azərbaycan Partiyasının ideoloji fəaliyyətində də yeni yanaşmaların tətbiqi mühüm vəzifədir. Prezident İlham Əliyevin qurultayda vurğuladığı kimi, formal xarakterli tədbirlərdən uzaqlaşmaq, müasir kommunikasiya vasitələrindən səmərəli istifadə etmək və Azərbaycan həqiqətlərini geniş auditoriyalara çatdırmaq lazımdır. Xüsusilə gənclərlə işdə rəqəmsal platformaların imkanlarından istifadə etmək yeni ideoloji siyasətin mühüm istiqaməti ola bilər.

VIII Qurultay bu baxımdan YAP-ın ideoloji fəaliyyətində yeni mərhələnin əsaslarını müəyyən edir. Partiyanın siyasi təşkilat kimi əsas missiyalarından biri milli dövlətçilik dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi Zəfər, dövlət müstəqilliyi və milli həmrəylik ideoloji işin əsas məzmununu təşkil etməlidir. Güclü informasiya və ideoloji müdafiə sistemi dövlətin hərbi və iqtisadi gücünü tamamlayan mühüm amildir.

Tofiqə Qurbanova,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 24/12” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button