AnalitikaDünyaGündəm

Cənubi Qafqazda yeni iqtisadi arxitektura və qlobal etimad

Sentyabrın 26-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində mühüm beynəlxalq əhəmiyyət kəsb edən tədbir təşkil olunub. “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunan bu sessiyada dövlət başçısı İlham Əliyev geniş və proqram xarakterli çıxış edib. Müasir dövrdə qlobal miqyasda geosiyasi gərginliklərin, təchizat zəncirlərindəki qırılmaların və iqtisadi qeyri-sabitliklərin artdığı bir fondda Bakıdan verilən mesajlar dünya ictimaiyyəti və beynəlxalq investorlar üçün mühüm mayak rolunu oynadı. Prezident İlham Əliyev çıxışında dünyada gedən mürəkkəb proseslərə toxunaraq, ənənəvi təchizat zəncirlərinin ciddi risklərlə üzləşdiyini vurğulayıb. Belə bir həssas tarixi mərhələdə Azərbaycanda 30 ildən artıq müddətdə davam edən siyasi və iqtisadi sabitliyin ölkəni etibarlı tərəfdaşa çevirdiyini diqqətə çatdırıb: “Azərbaycan dünyada və regionda sabitlik, təhlükəsizlik və proqnozlaşdırıla bilənlik adasıdır. Otuz ildən artıqdır ki, ölkəmizdə hökm sürən davamlı siyasi və iqtisadi sabitlik irimiqyaslı layihələrin uğurla icrasına zəmin yaradıb.”

Dövlət başçısı qeyd edib ki, indiyədək Azərbaycana yatırılan 360 milyard ABŞ dollarından çox sərmayə ölkə iqtisadiyyatına verilən beynəlxalq etimadın əyani sübutudur.

Forumda Cənubi Qafqazın qlobal bağlantılardakı rolu xüsusi müzakirə olunub. Prezident İlham Əliyev Azərbaycanın Avrasiyanın nəqliyyat-logistika xaritəsindəki mərkəzi mövqeyini xüsusi vurğulayaraq bildirib ki, respublikamız həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin fəal və əvəzolunmaz iştirakçısıdır. Asiya ilə Avropanı birləşdirən quru və dəmir yolu xətlərinin, eləcə də Xəzər dənizinin potensialından maksimum istifadə olunur. Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Azad İqtisadi Zonası kimi layihələr qlobal ticarət yollarının şaxələndirilməsinə xidmət edir.

Çıxışın mühüm bir hissəsi ölkənin iqtisadi şaxələndirilməsinə və yaşıl enerji strategiyasına həsr olunub. Prezident xatırladıb ki, neft-qaz sektoru ənənəvi olaraq ölkə iqtisadiyyatında dominant mövqeyini qorumaqla yanaşı, gələcək nəsillər və yeni sahələr üçün zəruri investisiya resursları formalaşdırır. Eyni zamanda, alternativ və bərpaolunan enerji mənbələri ölkənin prioritet hədəfidir. Təkcə Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialı 157 giqavat təşkil edir. Bərpaolunan enerji mənbələrindən əldə edilən yaşıl enerjinin daxili bazarda – o cümlədən süni intellekt və data (məlumat) mərkəzlərinin yaradılmasında istifadəsi istiqamətində konkret addımlar atılır. İstehsal olunan yaşıl enerjinin xarici bazarlara, xüsusilə Avropaya ixracı üçün ötürücü xətlərin gücünün artırılması və yeni dəhlizlərin inşası sürətləndirilir.

Dövlət başçısı ölkə daxilində sənayenin digər sahələrinin də inkişaf etdirildiyini diqqətə çatdırıb. Qısa müddət əvvəl qəbul edilən mədən sənayesi ilə bağlı dördillik dövlət proqramı bu sahədə yeni işgüzar fəallıq dalğası yaradacaq və yerli, eləcə də xarici investorlar üçün əlavə imkanlar açacaqdır.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası” mövzulu tədbir və Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, Azərbaycan Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və iqtisadi inkişafın əsas sütunudur. Bakı qlobal çağırışlara qarşı konstruktiv əməkdaşlıq, yaşıl enerji və şaxələndirilmiş nəqliyyat dəhlizləri təklif edərək beynəlxalq investisiya mühitinin mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirdi.

Heydər Rəhimov,
Nizami Bələdiyyəsinin sədr müavini

Oxşar Xəbərlər

Back to top button