
“Sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının, Yəhya Bakuvi Beynəlxalq Konfransının və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələrini qəbul etməsi müstəsna əhəmiyyətə malik bir hadisə oldu. Nümayəndə heyətinin tərkibi tədbirin coğrafi və siyasi əhəmiyyətini genişləndirir. Türk dünyasının, Qafqazın və İslam coğrafiyasının müxtəlif dini liderlərinin Bakıda bir araya gəlməsi Azərbaycanın bu məkanlar arasında dialoq platforması kimi çıxış etdiyini göstərir”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, görüşün əsas siyasi məzmunu birlik, sabitlik və əməkdaşlıq ideyalarının önə çəkilməsidir. Prezident İlham Əliyevin çıxışında dini liderlərin sülh və həmrəylik çağırışlarının cəmiyyətlərə təsirinə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Müasir beynəlxalq münasibətlərdə dini amil bəzən qarşıdurmaları dərinləşdirən faktor kimi də çıxış edə bilir. Bu baxımdan Bakıda formalaşdırılan yanaşma dini nüfuzun dialoq və yaxınlaşma üçün istifadə edilməsini ön plana çıxarır. Tədbirin digər mühüm siyasi xətti Qarabağ məsələsinin dini və mədəni irs kontekstində təqdim olunmasıdır. Nümayəndə heyətinin Ağdam, Xocalı, Şuşa və digər ərazilərə səfərinin nəzərdə tutulması Qarabağın həm də tarixi və mənəvi yaddaş məsələsi olduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin çıxışında dağıdılmış məscidlərə və mədəni irsə toxunması da bu yaddaşın İslam dünyasının ümumi gündəminə çıxarılması baxımından əhəmiyyətlidir. Eyni zamanda, Qarabağda aparılan bərpa və Böyük Qayıdış prosesinin vurğulanması Azərbaycanın postmünaqişə mərhələsində diqqəti dağıntıdan quruculuğa yönəltdiyini göstərir.
Onun sözlərinə görə, əslində, bu görüşün siyasi mahiyyətini bir cümlə ilə ifadə etmək mümkündür. Azərbaycan öz coğrafi mövqeyini siyasi-diplomatik körpüyə çevirməyə çalışır. Türk dünyası ilə strateji yaxınlıq, Qafqaz ölkələri ilə əlaqələr və İslam dövlətləri ilə həmrəylik xətti Bakının xarici siyasətində paralel istiqamətlər kimi təqdim olunur. Bu baxımdan görüşün əsas mesajı konkret bir tədbirdən daha genişdir. Azərbaycan türk və müsəlman coğrafiyalarında əməkdaşlığın, qarşılıqlı anlaşmanın və regional sabitliyin təşviq olunduğu platformalardan birinə çevrilmək xəttini davam etdirir.



