
Milli, dini və mədəni müxtəlifliyi özündə birləşdirən Azərbaycan beynəlxalq həmrəyliyin mərkəzi kimi öz strateji və mənəvi missiyasını gündən-günə genişləndirir. Sentyabrın 15-də Bakıda keçirilən mötəbər qəbul bunun ən bariz sübutu oldu. Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı, Yəhya Bakuvi Beynəlxalq Konfransının təşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət böyük nümayəndə heyətini qəbul edərək regional və qlobal əməkdaşlığa verdiyi önəmi bir daha diqqətə çatdırdı. Çoxsaylı dövlətlərin və beynəlxalq İslam təşkilatlarının nümayəndələrinin iştirak etdiyi bu mühüm görüş, Prezident İlham Əliyevin liderliyi altında Azərbaycanın Türk və İslam dünyası arasında qızıl körpü rolunu necə uğurla ifa etdiyini tam aydınlığı ilə ortaya qoydu.
Dövlət başçısı nümayəndə heyəti ilə söhbətində Azərbaycanın bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nadir mənəvi incilərdən ətraflı bəhs etdi. Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın məhz bu günlərdə keçirilməsinin xüsusi məna daşıdığını bildirən Prezident İlham Əliyev, Nizami, Nəsimi, Xətai və Füzuli kimi dahi mütəfəkkirlərin irsinin bu gün də İslam aləmi üçün mənəvi bələdçi olduğunu vurğuladı. Eyni zamanda, ölkəmizin qədim dövlətçilik tarixinə nəzər salan Prezident, Qafqaz Albaniyasının və Atabəylər dövlətinin mövcud olduğu Azərbaycan torpaqlarının Türk dünyası ilə Qafqazın vəhdət təşkil etdiyi vahid coğrafiya olduğunu, TDT-yə üzv yeganə Qafqaz ölkəsi kimi bizim bu tarixi irsə böyük sadiqlik nümayiş etdirdiyimizi qonaqların diqqətinə çatdırdı.
Görüşdə dünyadakı mürəkkəb çağırışlar qarşısında İslam birliyinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev, bəzi xarici dairələrin müsəlman aləmini parçalamaq cəhdlərindən dərin narahatlığını ifadə etdi. Dövlət başçısı bildirdi ki, Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatlarda, o cümlədən İƏT-də daim barışdırıcı qüvvə kimi çıxış edir və ziddiyyətlərin həllinə səy göstərir. IV İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsini tarixi həmrəylik nailiyyəti kimi xatırladan Prezident, gələn il ölkəmizin ev sahibliyi edəcəyi İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün bu istiqamətdə atılmış daha bir qətiyyətli addım olacağını vurğuladı. O, bu tədbirlərin dini liderlərin vahid sülh mesajları ilə birgə müsəlman dünyasını daha sarsılmaz və güclü edəcəyinə əminliyini bildirdi.
Çıxışında xalqımızın qəhrəmanlıq salnaməsindən fəxrlə danışan Prezident İlham Əliyev dini liderlərin Qarabağa edəcəkləri səfərin tarixi reallıqların canlı şahidi olmaq baxımından müstəsna əhəmiyyətini qeyd etdi. Ermənistanın işğal dövründə 65 məscidi yerlə-yeksan etməsi, xalqımızın milli sərvətlərini talan etməsi kimi faktları xatırladan dövlət başçısı, bunun bütün İslam sivilizasiyasına həqarət olduğunu bildirdi. Prezident İlham Əliyev qətiyyətlə vurğuladı ki, haqqın güclə sübut olunduğu indiki dünyada Azərbaycan xalqı öz şəhidlərinin qanı bahasına, dəmir iradəsi ilə ədaləti bərpa etmişdir. Azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” çərçivəsində 90 mindən çox insanın məskunlaşması isə Azərbaycan dövlətinin quruculuq əzmini və Prezident İlham Əliyevin yenilməz siyasətinin əbədi qələbəsini nümayiş etdirir.
Mürsəl Bəkirli,
YAP Nizami rayon təşkilatının fəalı



