AnalitikaDünyaGündəmSiyasət

İslam və Türk Dünyasının Keçmişdən Gələcəyə Uzanan Körpüsü: Azərbaycan

Azərbaycan beynəlxalq arenada özünün sülh, sabitlik və mənəvi dəyərlərə sadiqlik prinsipləri ilə liderlik mövqeyini qorumaqdadır. Sentyabrın 15-də Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən mühüm qəbul bu siyasətin növbəti təntənəsi idi. Belə ki, dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı, Yəhya Bakuvi Beynəlxalq Konfransının təşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət mötəbər nümayəndə heyətini qəbul etdi. Türk və İslam coğrafiyasının aparıcı dini xadimlərinin, o cümlədən TDT-nin Baş katibinin iştirak etdiyi görüşdə Prezident İlham Əliyev, eyni günlərdə fərqli, lakin bir-birini tamamlayan belə böyük tədbirlərin Bakıda təşkilinin həm xalqımız, həm də region xalqları arasında qardaşlıq və sülh prinsiplərini möhkəmləndirdiyini nümayiş etdirdi.

Görüş zamanı Prezident İlham Əliyev ölkəmizin mədəni-tarixi kodlarına diqqət çəkərək Azərbaycanın tarixən Şərq fəlsəfəsinin və İslam intibahının mərkəzlərindən biri olduğunu xatırlatdı. Dövlət başçısı qeyd etdi ki, Seyid Yəhya Bakuvi, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi tarixi şəxsiyyətlər bəşəriyyətə ölçüyəgəlməz mənəvi irs bəxş etmişlər. Prezident İlham Əliyev həmçinin vurğuladı ki, Qafqaz Albaniyasının paytaxtı qədim Qəbələ və Atabəylər dövlətinin mərkəzi Naxçıvan şəhərlərinin timsalında Azərbaycan həmişə Qafqaz və Türk aləminin qovuşduğu vahid bir coğrafiya olub. TDT-nin yeganə Qafqaz ölkəsi kimi Azərbaycan, məhz Prezident İlham Əliyevin rəhbərliyi altında bu iki böyük coğrafi məkanı siyasi və mənəvi tellərlə bir-birinə daha sıx bağlamaqdadır.

İslam dünyasının qarşılaşdığı qlobal çağırışlara münasibət bildirən Prezident İlham Əliyev sülh və həmrəyliyin mütləq zərurət olduğunu qonaqların diqqətinə çatdırdı. O bildirdi ki, dini liderlərin birgə fəaliyyəti və sülhə çağırışları bölgədə əmin-amanlığın təmin edilməsində əvəzsiz rola malikdir. Azərbaycanın İƏT daxilində və digər beynəlxalq platformalarda daim barışdırıcı qüvvə kimi çıxış etdiyini vurğulayan dövlət başçısı, IV İslam Həmrəyliyi Oyunlarının bu birliyin bariz nümunəsi olduğunu dedi. Prezident qeyd etdi ki, gələn il Bakıda keçiriləcək İƏT Zirvə Görüşü müsəlman ölkələri arasındakı bəzi anlaşılmazlıqlara və toqquşmalara son qoyacaq, İslam dininə qarşı məkrli planlar quran ünsürlərə ən tutarlı cavab olacaqdır.

Görüşün yekununda işğaldan azad olunmuş bölgələrin taleyinə toxunan Prezident İlham Əliyev qonaqların Qarabağa edəcəkləri səfərin əhəmiyyətini vurğuladı. Dövlət başçısı, Ermənistanın 30 illik işğalı zamanı xalqımızın və İslam dünyasının məruz qaldığı vəhşilikləri xatırladaraq, məhv edilmiş 65 məscid və onlarda törədilən murdarlıq faktlarını xüsusi qeyd etdi. Prezident İlham Əliyev əminliklə bildirdi ki, “Kim güclüdür, o da haqlıdır” prinsipinin işlədiyi dünyada Azərbaycan qan tökərək, şəhidlər verərək ədaləti tam bərpa etdi və 30 illik həsrətə son qoydu. Hazırda 90 mindən çox keçmiş köçkünün öz yurdlarına dönməsini xatırladan lider, Azərbaycanın bu gün məğrur və Müzəffər bir dövlət kimi dirçələn Qarabağda yeni, firavan həyat qurduğunu bəyan etdi.

Tofiq Rüstəmli,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 2269-cu məhəllə, bina 1” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button