AnalitikaDünyaGündəmSiyasət

 Prezident İlham Əliyev: Zəfər, Ədalət və İslam Dünyasına Çağırış

Azərbaycanın qlobal səviyyədə sülh, dialoq və birliyi təşviq edən mövqeyi günü-gündən güclənir. Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu istiqamətdə daha bir tarixi görüş keçirərək, Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının iştirakçılarını, Yəhya Bakuvi Beynəlxalq Konfransının nümayəndələrini və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul etdi. Zəngin nümayəndə heyətinin, o cümlədən TDT Baş katibinin və çoxsaylı qardaş ölkələrin müftilərinin qatıldığı bu qəbulda Prezident İlham Əliyev Azərbaycanın mənəvi-siyasi birliyə verdiyi önəmi bir daha nümayiş etdirdi. Dövlət başçısı bildirdi ki, Bakıda eyni vaxtda təşkil olunan bu mötəbər toplantılar təkcə region üçün deyil, bütün İslam aləmi üçün böyük mənəvi bərpa və həmrəylik mesajıdır.

Çıxışında Azərbaycanın qədim və zəngin fəlsəfi ənənələrinə toxunan Prezident İlham Əliyev, böyük mütəfəkkirlərimizin bəşəriyyətə qoyduğu irsin əhəmiyyətini xatırlatdı. Dövlət başçısı Seyid Yəhya Bakuvi ilə yanaşı, Nizami, Nəsimi, Xətai və Füzuli kimi dahi şəxsiyyətlərimizin adlarını çəkərək, onların yaradıcılığının xalqımızın böyük mədəni potensialının göstəricisi olduğunu qeyd etdi. TDT-yə üzv yeganə Qafqaz ölkəsi kimi Azərbaycanın tarixi rolunu xüsusi dəyərləndirən Prezident İlham Əliyev, Atabəylər dövləti və Qafqaz Albaniyasının tarixindən misallar gətirərək, ölkəmizin həm Qafqaz, həm də Türk coğrafiyasını özündə birləşdirən bənzərsiz bir məkan olduğunu qonaqların diqqətinə çatdırdı.

İslam aləminin bugünkü vəziyyəti ilə bağlı dərin təhlillər aparan Prezident İlham Əliyev sülhün və birliyin alternativi olmadığını bəyan etdi. O, Azərbaycanın IV İslam Həmrəylik Oyunları kimi böyük miqyaslı tədbirlərlə İslam ölkələri arasındakı qardaşlığı əməli olaraq möhkəmləndirdiyini bildirdi. Gələn il İƏT-in Zirvə Görüşünə ev sahibliyi edəcək Azərbaycanın məqsədinin müsəlman dünyasındakı münaqişələrə son qoymaq olduğunu deyən dövlət başçısı, İslam dininə kənardan vurulan zərbələrin qarşısını almaq üçün din xadimlərinin və dövlətlərin birgə, sarsılmaz bir cəbhədə çıxış etməsinin vacibliyini vurğuladı. Prezidentin bu çağırışı Azərbaycanın qlobal barışdırıcı missiyasını bir daha təsdiqlədi.

Dövlət başçısının çıxışının mərkəzində həm də Qarabağ zəfəri və erməni vandalizminin ifşası dayanırdı. Qonaqların işğaldan azad edilmiş torpaqlara səfər edəcəyini vurğulayan Prezident İlham Əliyev, Ermənistanın 30 il ərzində 65 məscidi dağıtdığını, İslam məbədlərində heyvan saxlamaqla bütün müsəlman ümmətini təhqir etdiyini xatırlatdı. Buna baxmayaraq, xalqımızın öz hərbi qüdrəti, qan-qadası bahasına ədaləti bərpa etdiyini qürurla qeyd edən dövlət başçısı, separatçıların layiqli cəzalarını aldığını bildirdi. Prezident İlham Əliyev yekunda “Böyük Qayıdış”ın uğurla icra olunduğunu, 48 şəhər və kənddə artıq 90 mindən çox insanın yaşadığını və dirçələn Qarabağın Müzəffər Azərbaycanın əbədi simvoluna çevrildiyini qətiyyətlə bəyan etdi.

Mircavid Hüseynov,
YAP Nizami rayon təşkilatının “Şirin Mirzəyev küçəsi, 152” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button