AnalitikaGündəmSiyasət

Qarabağın dirçəlişi Azərbaycanın yeni inkişaf xəritəsidir

Qarabağda son illərdə həyata keçirilən dəyişikliklər Azərbaycanın inkişaf xəritəsinə yeni məzmun gətirib. Uzun illər işğal altında qalan ərazilərin azad edilməsindən sonra qarşıya qoyulan əsas məqsədlərdən biri burada həyatın yenidən qurulmasıdır. Bu gün Qarabağın müxtəlif şəhər və kəndlərində aparılan tikinti, abadlıq və infrastruktur layihələri həmin strategiyanın miqyasını göstərir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri də bu yeni inkişaf xəritəsinin mühüm hissələrindəndir.

 

Quruculuq prosesinin miqyası göstərir ki, qarşıda duran məqsəd yalnız mövcud tikililərin bərpası deyil. Yeni yaşayış məhəllələri, yollar, enerji və su infrastrukturu, məktəblər, səhiyyə müəssisələri, ictimai məkanlar və nəqliyyat sistemləri yaradılır. Bu yanaşma Qarabağın gələcəkdə müasir və dayanıqlı yaşayış məkanlarına çevrilməsini nəzərdə tutur. Şəhərlərin inkişafı ilə yanaşı, kəndlərin də yenidən qurulması Böyük Qayıdışın coğrafiyasını genişləndirir.

 

Xankəndidə həyata keçirilən layihələr bu baxımdan xüsusi diqqət çəkir. Şəhərin nəqliyyat imkanlarının genişləndirilməsi üçün dəmir yolu və avtovağzal kompleksinin yaradılması, ictimai məkanların formalaşdırılması və digər quruculuq işləri şəhərin gələcək inkişafına hesablanıb. Xocalıda isə insanların qayıdışı artıq real mərhələyə keçib. Xocavənd və Ağdərədə aparılan bərpa və idarəetmə işləri də regionun yeni inkişaf modelinin formalaşdırılmasına xidmət edir.

 

Qarabağın dirçəlişi yalnız bir regionun yenidən qurulması deyil, Azərbaycanın ümumi iqtisadi və sosial inkişaf strategiyasının mühüm istiqamətidir. Burada yaradılan yeni nəqliyyat əlaqələri, yaşayış məkanları və sosial infrastruktur gələcəkdə regionun iqtisadi fəallığı üçün də imkanlar yarada bilər. Ən əsası isə Qarabağ yenidən insan həyatı ilə dolur. Bu gün Qarabağda çəkilən hər yol Azərbaycanın gələcəyinə, tikilən hər məktəb yeni nəslə, qurulan hər ev isə Böyük Qayıdışa aparan yolun bir hissəsidir.

Nahidə Rzayeva,

YAP Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Köndələn küçəsi” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button