
20 Sentyabr – Azərbaycan Respublikasının müasir tarixinə qızıl hərflərlə yazılmış, dövlətçilik salnaməmizin ən şanlı səhifələrindən biridir. Dövlət Suverenliyi Günü yalnız tarixi bir təqvim günü deyil, xalqımızın illərlə qəlbində gəzdirdiyi ədalət Zəfərinin, sarsılmaz iradəsinin və ərazi bütövlüyünün tam bərpa olunmasının parlaq təcəssümüdür.
Suverenliyə Qovuşan Yolsuzluqdan Zəfərə
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra uzun illər ərzində torpaqlarının işğalı, suveren hüquqlarının pozulması kimi ağır sınaqlarla üz-üzə qaldı. Lakin dövlətimizin həyata keçirdiyi uzaqgörən xarici və daxili siyasət, güçlü ordu quruculuğu və xalq-iqtidar birliyi bu tarixi ədalətsizliyə son qoydu.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Ordumuzun şücaəti ilə torpaqlarımız işğaldan azad edildi, düşmənə sarsıdıcı zərbə endirildi.
2023-cü il 19-20 sentyabr lokal antiterror tədbirləri nəticəsində Qarabağda separatçılığın kökü kəsildi, dövlət bayrağımız Xankəndidə, Xocalıda, Əsgəranda və digər ərazilərimizdə ucaldıldı. Bununla da Azərbaycanın suverenliyi bütün ölkə ərazisində tam və qəti şəkildə təmin olundu.
Milli Qürur Və Gələcəyə Baxış
Dövlət suverenliyinin tam bərpa edilməsi regionda yeni reallıqlar yaratdı. Bu gün Azərbaycan öz sərhədlərinə tam nəzarət edən, öz torpaqlarında quruculuq və bərpa işlərini sürətlə həyata keçirən güclü və nüfuzlu bir dövlətdir. “Böyük Qayıdış” proqramı çərçivəsində doğma yurdlarına dönən soydaşlarımız bu suverenliyin canlı şahidləridir.
Həmidə Əliəvsərova,
KBTRL-nin həkim-pediatrı



