AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət
Trend

Rəşadət Xalıqov: Beynəlxalq ictimaiyyət və Azərbaycandakı diplomatik nümayəndəliklər ölkəmizin ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyirlər

“Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura həyata keçirdikləri səfər beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin növbəti dəfə təsdiqi baxımından mühüm əhəmiyyət daşıdı. Lakin bu səfər Ermənistan cəmiyyətində və siyasi dairələrində qəbuledilməz, destruktiv reaksiyalarla qarşılaşmışdır”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, diplomatik korpusun səfərinə qarşı Ermənistan cəmiyyətində sərgilənən sərt və aqressiv reaksiya birbaşa Azərbaycanın daxili işlərinə kobud müdaxilədir. Qarabağ Azərbaycanın suveren ərazisidir. Xarici diplomatların suveren ərazimizdə sərbəst hərəkət etməsini tənqid etmək, saxta kampaniyalarla linç etməyə çalışmaq Ermənistanın özünün elan etdiyi “Azərbaycanın ərazi bütövlüyünü tanıması” prinsipi ilə bir araya sığmır və tam ziddiyyət təşkil edir. Bu səfər bir daha təsdiq etdi ki, beynəlxalq ictimaiyyət və Azərbaycandakı diplomatik nümayəndəliklər ölkəmizin ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyirlər.

“Ermənistanın təbliğat maşını tarixi faktları təhrif etməkdən çəkinmir. Bir tərəfdən Gəncəsər və Xudavəng kimi abidələri erməni irsi kimi təqdim etməyə çalışır, digər tərəfdən isə öz ərazisindəki zəngin Azərbaycan tarixi-mədəni irsinin mövcudluğunu tamamilə inkar edirlər. Formalaşdırılan bu saxtakarlığa görə, guya Azərbaycan ərazisində tarixən ermənilər yaşayıb, lakin müasir Ermənistan ərazisində azərbaycanlılar heç vaxt olmayıb. Bu yanaşma özündə açıq-aşkar rasist və ayrı-seçkilik xarakteri daşıyır. Üstəlik, Azərbaycan torpaqlarındakı Qafqaz Albaniyası irsinin inkar edilməsi və ya təhrif olunması dünya elmi tərəfindən qəbul edilmiş həqiqətlərə qarşı dözümsüzlükdür, faktiki irqçilikdir. Azərbaycan Respublikasının ərazisindəki bütün tarixi-mədəni abidələr Azərbaycan xalqına məxsusdur və dövlət tərəfindən ciddi şəkildə qorunur”.

Onun sözlərinə görə, diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinə qarşı İrəvanın nümayiş etdirdiyi isterik reaksiya və kampaniya xarakterli addımlar sülh prosesini pozmağa hesablanmış destruktiv siyasətdən başqa bir şey deyil. 2023-cü ildən sonra Paşinyan hakimiyyətinin sülhə getməkdən başqa yolu qalmasa da, daxildə revanşistləri dəstəkləməsi və ikili oyun oynaması onların qeyri-səmimiliyini hər an üzə çıxarır. Azərbaycan isə öz suveren ərazilərində quruculuq işlərini və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı qətiyyətlə davam etdirir.

Oxşar Xəbərlər

Back to top button