
Azərbaycan və Özbəkistan arasında iqtisadi-ticari əməkdaşlığın son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirməsi Prezident İlham Əliyevin məqsədyönlü iqtisadi diplomatiyasının bariz nəticəsidir. Dövlət başçısının yaratdığı əlverişli mühit sayəsində ölkələr arasında ticarət dövriyyəsi 2025-ci ildə üç dəfədən çox artaraq 795 milyon dollara çatmışdır. Bu müsbət tendensiya 2026-cı ildə də davam etmiş, yanvar-may aylarında ticarət dövriyyəsi 33 faiz artaraq 144 milyon dollar təşkil etmişdir. Prezident İlham Əliyevin diqqətində olan Hökumətlərarası Komissiyanın indiyədək keçirilən 15 iclası, xüsusən də sonuncu Daşkənd iclası bu nailiyyətlərin institusional zəminini təşkil edir.
Qarşılıqlı investisiyaların təşviqi Prezident İlham Əliyevin iqtisadi strategiyasının əsas dayaqlarından biridir. Üç il əvvəl yaradılan və 500 milyon ABŞ dolları məbləğində kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti müxtəlif sektorlarda perspektivli layihələrin maliyyələşdirilməsinə əhəmiyyətli töhfə verir. Bu gün Azərbaycanda sənaye, tikinti və kənd təsərrüfatı sahələrində 130-dan çox Özbəkistan investisiyalı kommersiya təşkilatı uğurla fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan şirkətləri, o cümlədən “PASHA Holding” tərəfindən Daşkənddə “The Ritz-Carlton” kompleksinin və “Sea Breeze Uzbekistan” turizm mərkəzinin inşası ölkəmizin xaricdəki iqtisadi gücünü nümayiş etdirir.
Energetika sektoru və yaşıl enerjiyə keçid Prezident İlham Əliyevin xarici iqtisadi əlaqələrinin mərkəzində dayanır. 2016-cı ildən bəri uğurla fəaliyyət göstərən “Neftegaztexnologiya” birgə müəssisəsi və 2024-cü ildə SOCAR ilə “Özbəknefteqaz” arasında yaradılan “Turan Energy AFEZCO” şirkəti Özbəkistana yüksəktəzyiqli polietilenin ixracını həyata keçirir. Daha qlobal bir addım isə Prezident İlham Əliyevin rəhbərliyi altında 2025-ci ildə Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən “Yaşıl Dəhliz Birliyi” MMC-nin təsis edilməsidir. Bu müəssisə Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizinin reallaşdırılması və bərpaolunan enerjinin Xəzərin dibi ilə nəqli üçün unikal bir mexanizmdir.
Logistika və birgə sənaye istehsalı sahəsində əldə edilən uğurlar Prezident İlham Əliyevin qurduğu çoxşaxəli iqtisadi arxitekturanın məntiqi davamıdır. Ölkələr arasında tranzit daşımaları 2025-ci ildə 1,4 milyon tona çatmış, 2026-cı ilin ilk yarısında isə 12,2 faiz artaraq 675 min ton olmuşdur. Prezident İlham Əliyevin vizyonuna əsasən, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRIPP ilə inteqrasiyası region üçün nəhəng tranzit imkanları yaradacaqdır. Birgə istehsal müstəvisində isə 2026-cı il iyulun 13-nə olan məlumata görə “Chevrolet” markalı 10 min 720 avtomobilin və “Isuzu” markalı 275 avtobusun istehsalı iqtisadi imkanların bir-birini necə mükəmməl tamamladığını göstərir.
Sevil Əliyeva,
Nizami rayonu 272 saylı məktəbin direktor müavini



