
ABŞ Prezidenti Donald Tramp ölkədə doğulan uşaqlara avtomatik vətəndaşlıq verilməsi qaydasını məhdudlaşdırmaq üçün yeni addımlar atıb.
Aktualinfo Media Qrup BAKU.WS-ə istinadən xəbər verir ki, Tramp Ağ Evdə çıxışı zamanı doğumla vətəndaşlıq hüququnun artıq qüvvədə olmamalı olduğunu bildirib və bununla bağlı iki yeni prezident fərmanı imzalayıb.
Yeni sənədlər əvvəlki təşəbbüsdən daha məhdud xarakter daşıyır. Onlar əsasən bəzi xarici dövlət nümayəndələrinin, müəyyən xarici qurumlarla əlaqəli şəxslərin və vətəndaşlıq əldə etmək məqsədilə təşkil olunduğu iddia edilən “doğum turizmi” hallarında dünyaya gələn uşaqları əhatə edir. Eyni zamanda, administrasiya bu məqsədlə ABŞ-yə gələn şəxslərə viza qaydalarını da sərtləşdirməyi planlaşdırır.
Qeyd edək ki, ABŞ Konstitusiyasının 14-cü düzəlişi ölkə ərazisində doğulan şəxslərə vətəndaşlıq hüququ verir. Bu ilin 30 iyun tarixində ABŞ Ali Məhkəməsi Tramp administrasiyasının əvvəlki genişmiqyaslı təşəbbüsünü Konstitusiyaya zidd hesab edərək qüvvədən salmışdı.
Yeni qərarların tam şəkildə tətbiq olunub-olunmayacağı isə hüquqi prosedurların nəticəsindən asılı olacaq. Hazırda ABŞ-də doğumla vətəndaşlıq hüququ ümumi qaydada qüvvədə qalır.



