GündəmSiyasət

“Əkinçi”dən Şuşa Qlobal Media Forumunadək: Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolu

Bəzən bir xalqın taleyini dəyişən böyük dönüşlər kiçik, lakin cəsarətli addımlardan başlayır. Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşr etdirdiyi “Əkinçi” qəzeti də məhz belə bir tarixi missiyanı yerinə yetirdi. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” milli mətbuatın təməlini qoydu, xalqın maariflənməsinə, ana dilinin inkişafına, milli özünüdərk düşüncəsinin formalaşmasına və ictimai fikrin oyanmasına mühüm töhfə verdi. Bu səbəbdən 22 iyul təkcə ilk qəzetin nəşr olunduğu gün deyil, həm də Azərbaycan mətbuatının şərəfli inkişaf yolunun başlanğıcı kimi tarixə həkk olunub.

Bu gün Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü tamam olur. “Əkinçi” qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü bu gün ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd edilir.

Aktualinfo Media Qrup  AZƏRTAC-a istinadən bu əlamətdar gün münasibətilə əsası “Əkinçi” qəzeti ilə qoyulan Azərbaycan milli mətbuatının keşməkeşli və şərəfli inkişaf yoluna qısa nəzər salır.

XIX əsrin sonlarında nəşrə başlayan “Əkinçi” qəzeti təkcə Azərbaycanda deyil, bütün Qafqazda böyük maraq və əks-səda doğurdu. Milli maarifçilik hərəkatının əsas dayaqlarından birinə çevrilən qəzetin naşiri və redaktoru görkəmli təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Onun təşəbbüsü ilə başlayan maarifçilik missiyasına Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Əsgər ağa Gorani və dövrün digər qabaqcıl ziyalıları da qoşuldular. Onların birgə səyi nəticəsində “Əkinçi” qəzeti milli oyanışın, maarifçilik ideyalarının təbliğ olunduğu mühüm tribunaya çevrildi.

Cəmi 56 nömrəsi nəşr olunan “Əkinçi”nin ömrü qısa olsa da, Azərbaycan milli mətbuatının tarixində silinməz iz qoydu. Qəzet xalqı elmə, təhsilə və tərəqqiyə səsləyən maarifçilik ideyalarını özünün əsas fəaliyyət istiqaməti seçmişdi. Onun hər nömrəsi oxucuları düşünməyə, cəmiyyətin problemlərinə biganə qalmamağa çağırırdı. Qısa müddətdə həm ziyalıların, həm də geniş oxucu kütləsinin rəğbətini qazanan “Əkinçi”nin fəaliyyəti uzun sürmədi. Çar Rusiyası qəzetin maarifçilik missiyasından və ictimai fikrə artan təsirindən narahat olaraq müxtəlif maneələr yaratdı və nəticədə onun nəşri dayandırıldı.

Bütün maneələrə baxmayaraq, dövrün qabaqcıl maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində mütərəqqi və demokratik ideyaları geniş şəkildə təbliğ edir, cəmiyyətdə ictimai-siyasi və bədii fikrin inkişafına mühüm töhfələr verirdilər. “Əkinçi”nin açdığı yol sonrakı illərdə Azərbaycan milli mətbuatının inkişafına güclü təkan verdi. XIX əsrin ikinci yarısından etibarən nəşr olunan çoxsaylı qəzet və jurnallar xalqın maariflənməsində, milli şüurun formalaşmasında, azadlıq ideyalarının yayılmasında və milli-mənəvi dəyərlərin qorunmasında əvəzsiz rol oynadı. Bu baxımdan “Ziya”, “Kəşkül”, “Kaspi”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Açıq söz” və digər nəşrlər mətbuat tariximizdə xüsusi yer tutur.

Azərbaycan milli mətbuatı keçdiyi uzun və şərəfli inkişaf yolu ərzində müxtəlif ictimai-siyasi dövrlərin sınaqlarından uğurla çıxaraq bugünkü inkişaf mərhələsinə yüksəlib. Müstəqillik illərində bu sahənin inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi əhəmiyyət kəsb edir. Ulu Öndər mətbuatın cəmiyyət həyatındakı rolunu daim yüksək qiymətləndirir, onu təkcə informasiya daşıyıcısı deyil, həm də ictimai rəyin formalaşmasına təsir göstərən mühüm institut kimi dəyərləndirirdi. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, medianın müstəqil fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradıldı. Eyni zamanda, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması və peşəkar medianın formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıldı.

1998-ci ildə Azərbaycanda senzuranın rəsmi şəkildə ləğv edilməsi milli mətbuatın inkişaf tarixində yeni mərhələnin əsasını qoydu. Bu mühüm qərar söz və məlumat azadlığının təmin olunması, medianın sərbəst fəaliyyət göstərməsi və demokratik cəmiyyət quruculuğunun möhkəmləndirilməsi baxımından əlamətdar hadisə kimi tarixə düşdü. Ümummilli Lider Heydər Əliyevin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması, medianın inkişafı və rəqabətqabiliyyətliliyin artırılması istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Azərbaycanda çoxsaylı qəzet və jurnallar nəşr olunur, televiziya və radio kanalları fəaliyyət göstərir, onlayn media isə müasir informasiya texnologiyalarının imkanlarından yararlanaraq dinamik inkişaf edir. Milli mətbuatımız qlobal informasiya məkanına daha sıx inteqrasiya olunaraq müasir media mühitinin ayrılmaz tərkib hissəsinə çevrilir.

Azərbaycan mediası 44 günlük Vətən müharibəsi dövründə informasiya cəbhəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Jurnalistlər operativ, dəqiq və obyektiv məlumatların ictimaiyyətə çatdırılması, dezinformasiya kampaniyalarının ifşası, həmçinin Qarabağ həqiqətlərinin beynəlxalq auditoriyaya ötürülməsi istiqamətində mühüm fəaliyyət göstərdilər. İşğal illərində ermənilərin törətdiyi vandalizm aktlarının, tarixi və mədəni irsimizə vurulan ziyanın dünya ictimaiyyətinə çatdırılması bu gün də milli medianın əsas fəaliyyət istiqamətlərindən biri olaraq qalır.

Postmüharibə dövründə də Azərbaycan mediası bu məsuliyyətli missiyanı uğurla davam etdirir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sülh gündəliyinin, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinin, həmçinin “Böyük Qayıdış” Proqramı çərçivəsində görülən tədbirlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında milli mətbuat fəal rol oynayır.

Müasir dövrdə qlobal informasiya məkanında baş verən sürətli dəyişikliklər media sahəsində qanunvericilik bazasının mütəmadi təkmilləşdirilməsini zəruri edir. Bu baxımdan 2021-ci ildə qəbul olunan “Media haqqında” Qanun media fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyənləşdirməklə yanaşı, informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi və yayılması sahəsində vahid hüquqi çərçivə formalaşdırdı. Sonrakı mərhələlərdə qanuna edilən mühüm dəyişikliklər isə media mühitinin daha da təkmilləşdirilməsinə, müasir çağırışlara uyğun inkişafına və peşəkar jurnalistikanın gücləndirilməsinə xidmət edir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması ölkədə milli mətbuatın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Agentliyin yaradılması milli mətbuatın inkişafının sürətləndirilməsi, media subyektlərinin fəaliyyətinin dəstəklənməsi, peşəkar jurnalistikanın təşviqi və media resurslarının daha səmərəli idarə olunması baxımından mühüm əhəmiyyət kəsb edir. MEDİA bu istiqamətdə ardıcıl layihələr icra edir.

Media sahəsində bu il də mühüm institusional yeniliklər həyata keçirilib. Belə ki, “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara edilən dəyişikliklərə əsasən, Azərbaycanda Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur. Milli Məclis tərəfindən təsdiqlənən bu dəyişikliklər media sahəsində normativ-hüquqi tənzimləmənin təkmilləşdirilməsinə, tətbiq mexanizmlərinin gücləndirilməsinə, hüquqi müəyyənliyin artırılmasına və beynəlxalq standartlara uyğun idarəetmə modelinin formalaşdırılmasına xidmət edir.

Artıq dörd ildir ki, Milli Mətbuat Günü ərəfəsində keçirilən Şuşa Qlobal Media Forumu beynəlxalq media ictimaiyyətinin diqqət mərkəzində olan nüfuzlu platformalardan birinə çevrilib. Forum dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, jurnalistləri, kommunikasiya və informasiya texnologiyaları üzrə ekspertləri bir araya gətirərək qlobal informasiya gündəliyinin aktual məsələlərinin müzakirəsinə geniş imkan yaradır. Bu təşəbbüs Azərbaycanın media sahəsində əldə etdiyi nailiyyətləri, beynəlxalq informasiya məkanında artan rolunu və qlobal dialoqa verdiyi töhfəni bir daha nümayiş etdirir.

Şuşa Qlobal Media Forumunun nüfuzu ildən-ilə daha da artır. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin və beynəlxalq informasiya qurumlarının bu platformaya artan marağı Azərbaycanın qlobal informasiya məkanında etibarlı tərəfdaş mövqeyinin möhkəmləndiyini göstərir. Prezident İlham Əliyev hər il Şuşa Qlobal Media Forumunun açılış mərasimində şəxsən iştirak edir, dünyanın aparıcı media qurumlarının rəhbərlərinin və tanınmış jurnalistlərin suallarını ətraflı cavablandırır. Dövlətimizin başçısının çıxışları və cavabları Azərbaycanın xarici və daxili siyasəti, regional proseslər, informasiya təhlükəsizliyi və medianın cəmiyyətdəki rolu ilə bağlı prinsipial mövqeyini beynəlxalq auditoriyaya çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Bu il Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Qlobal Media Forumu da dünya ictimaiyyətinin böyük marağına səbəb oldu. Forum çərçivəsində Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinin suallarına verdiyi ətraflı cavablar böyük maraq doğurdu.

Azərbaycan mediası bu gün informasiya yayımı ilə yanaşı, milli həmrəyliyin, dövlətçilik dəyərlərinin və tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının mühüm vasitəsinə çevrilib. İşğaldan azad olunmuş Şuşa, Xankəndi, Xocalı, Füzuli, Zəngilan, Laçın və digər ərazilərdən müntəzəm hazırlanan reportajlar, analitik yazılar və xəbərlər bunun bariz nümunəsidir. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin, “Böyük Qayıdış” prosesinin və bölgədə formalaşan yeni reallıqların operativ işıqlandırılması Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət etməklə yanaşı, cəmiyyətdə milli həmrəyliyin və dövlətçilik ruhunun daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Həmkarlarımızı peşə bayramları münasibətilə təbrik edir, onlara yeni yaradıcılıq uğurları və böyük nailiyyətlər arzulayırıq.

Oxşar Xəbərlər

Back to top button