Rəşadət Xalıqov: Süni intellekt və rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi yeni dünya düzənində medianın üzərinə daha böyük məsuliyyət düşür

“Milli mətbuatımızın ilk nümunəsi olan və 1875-ci il iyulun 22-də görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti Azərbaycanın ictimai-siyasi həyatında mühüm bir təməl daşı olmuşdur. Məhz bu tarixi hadisə ilə əlaqədar olaraq 22 İyul ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd edilir. Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, milli mətbuatımızın inkişaf mərhələləri xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə tarixinin ayrılmaz tərkib hissəsidir. Müstəqil Azərbaycanda cəmiyyətin demokratikləşməsi və azad medianın formalaşması birmənalı şəkildə nümayiş etdirilən ali siyasi iradənin nəticəsidir. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar nəticəsində mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmışdır. Bu istiqamətdə atılan ən cəsarətli və tarixi addım 1998-ci ilin avqustunda KİV üzərində dövlət senzurasının tamamilə ləğv edilməsi oldu”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, müasir dövrdə bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla və yeni dövrün çağırışlarına uyğun davam etdirilir. Dövlətin mediaya qayğısı təkcə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə yekunlaşmır, eyni zamanda mətbuatın iqtisadi müstəqilliyinin təmin olunmasına yönəlib. Eyni zamanda, sürətli qloballaşma və rəqəmsallaşma media məkanında islahatları və qanunvericiliyin yenilənməsini zəruri edir. 2021-ci il dekabrın 30-da qəbul olunmuş “Media haqqında” Qanun məhz ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi və informasiya mühitinin sağlamlaşdırılması məqsədini daşıyır. Bunun davamı kimi, 2026-cı il iyulun 14-də Milli Məclis tərəfindən qəbul edilmiş qanun layihəsinə əsasən, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında vahid qurumun – Media və Yayım Şurasının yaradılması qərara alınmışdır. Bu addım çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silindiyi müasir dövrdə dezinformasiya ilə mübarizə və medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün daha çevik mexanizmin tətbiqi deməkdir.
“Bu gün Azərbaycan mediası sadəcə ölkə daxilində deyil, qlobal informasiya şəbəkəsinin bir parçası olaraq çıxış edir. Xüsusilə Vətən müharibəsi və postmüharibə dövründə jurnalistlərimiz Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, habelə informasiya mübarizəsində fədakar rol oynamışlar. Azərbaycanın beynəlxalq media dialoqunun mərkəzinə çevrilməsinin ən bariz nümunəsi isə Şuşada təşkil olunan beynəlxalq tədbirlərdir. 2026-cı il 13-14 iyul tarixlərində keçirilmiş IV Şuşa Qlobal Media Forumu “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunaraq, sülh quruculuğu, sərhədlərarası dialoq və dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq kimi qlobal əhəmiyyətli məsələləri gündəmə gətirmişdir”.
Rəşadət Xalıqov əlavə edib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan mətbuatı qərəzsiz olmalı, milli maraqları müdafiə etməli və müasir informasiya cəmiyyəti quruculuğunda fəal iştirak etməlidir. Dünya nizamının dəyişdiyi və süni intellektin, rəqəmsallaşmanın ön plana çıxdığı müasir dövrdə mediamızın əsas missiyası dövlətçilik maraqlarını qorumaq, vətəndaşları düzgün məlumatlandırmaq və qlobal məlumat məkanında ölkəmizin mövqelərini daha da gücləndirməkdir.



