AnalitikaDünyaGündəmSiyasət

Azərbaycanın Davamlı İnkişaf Strategiyası: Enerji, Dəhlizlər və COP29 İrsi

Azərbaycan müasir qlobal iqtisadiyyatda təkcə enerji resursları ilə deyil, həm də tranzit və yaşıl enerji layihələri ilə mühüm rol oynayır. Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan 10 ildən artıqdır coğrafi mövqeyinin üstünlüklərindən istifadə edərək bağlantılar üzərində çalışır və bu üstünlükləri çoxtərəfli əməkdaşlıq üçün real platformaya çevirmişdir. Çatışmayan fiziki infrastruktur yaradılmış, qonşularla yüksək səviyyəli qarşılıqlı əlaqələr qurulmuşdur ki, bu da tranzit ölkəyə çevrilmək üçün ən vacib şərtdir. Hazırda Orta Şərqdəki vəziyyət və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycandan keçən dar dəhlizin və Xəzər dənizi ilə daşımaların cəlbediciliyi birmənalı şəkildə artmışdır. Ölkəmiz Xəzərdəki ən iri ticarət limanının imkanlarını 25 milyon tona qədər artırmağı və yeni gəmilər tikməyi hədəfləyir.

Enerji təhlükəsizliyi sahəsində də Azərbaycan Avropanın etibarlı tərəfdaşına çevrilmişdir.

Ölkəmiz boru kəmərləri vasitəsilə 16 ölkəyə, o cümlədən yeni istiqamətlər kimi Almaniya və Avstriyaya qaz ixrac edir və boru kəməri ilə qaz ixracının coğrafi əhatəsinə görə dünyada birinci yerdədir. Rusiya-Ukrayna müharibəsindən sonra Avropa Komissiyasının müraciəti əsasında Avropa İttifaqına qaz tədarükü 65 faiz artırılmışdır. Bununla bərabər, bərpaolunan enerji sahəsində çox böyük potensial var. Təkcə Qarabağda 340 meqavat gücündə su elektrik stansiyaları istifadəyə verilib və 2032-ci ilədək bərpaolunan enerji mənbələri üzrə 8 giqavat generasiya gücünə çatmaq planlaşdırılır. Bu isə böyük həcmdə təbii qaza qənaət etməyə və onu da ixrac etməyə imkan verəcəkdir.

Bütün bu resurslar və etibarlı tərəfdaş imici Azərbaycanın beynəlxalq təşəbbüslərdə uğur qazanmasını şərtləndirir. Qoşulmama Hərəkatına sədrlik dövründə 120 ölkəni birləşdirən Hərəkatın tam dəstəyini qazanan Azərbaycan, bu müsbət təcrübədən COP29-a sədrlik dövründə də istifadə edir. Ziddiyyətli mövqelərin və ciddi fikir ayrılıqlarının mövcud olduğu bir mühitdə Azərbaycan mühüm qərarların razılaşdırılmasına nail olmaq üçün vasitəçilik rolunu oynayır. Bu gün formalaşan COP29-un irsi gələcək bütün konfranslar və qlobal yaşıl gündəlik üçün xüsusi əhəmiyyət kəsb edəcəkdir.

Sədaqət Hacıyeva,
YAP Nizami rayon təşkilatının mühasibi

Oxşar Xəbərlər

Back to top button