
Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışında vurğulanan əsas məqamlardan biri Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlar və qonşu dövlətlərlə, xüsusən də Rusiya ilə münasibətlərin inkişaf dinamikasıdır. Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan Rusiya ilə münasibətlərə böyük dəyər verir və çətinliklər artıq geridə qalmışdır. Hazırda iki ölkə arasında əlaqələr tam normallaşıb və hökumət, xarici işlər nazirlikləri, prezident administrasiyaları səviyyəsində çox müsbət dinamikaya malikdir. Rusiya ilə Azərbaycan arasındakı bu münasibətlər həm ikitərəfli formatda, həm də daha geniş coğrafiyada mühüm əhəmiyyət kəsb edir. Əməkdaşlıq çərçivəsi ənənəvi qarşılıqlı fəaliyyət sahələrini, o cümlədən nəqliyyat, ticarət və humanitar əlaqələri əhatə edir.
Bütün bunlar fonunda bütövlükdə Cənubi Qafqaz əsaslı surətdə dəyişmişdir və İkinci Qarabağ müharibəsi bu dəyişikliklərdə təkanverici rol oynamışdır. Prezidentin də ifadə etdiyi kimi, artıq mövcud və ətalətli hesab edilən bir çox laylar yerindən tərpənib. Azərbaycan öz suverenliyini tam bərpa etdikdən sonra regionda köhnə metodologiyalarla siyasi prosesləri qavramaq tamamilə köhnəlmiş yanaşmadır. Qərb birliyi tərəfindən Ermənistana açıq meyillənmənin nümayiş etdirilməsi və heç bir tranzit təcrübəsi olmayan bu ölkənin birdən-birə regionun əsas nəqliyyat mərkəzi kimi təqdim edilməsi ciddi suallar və təhriflər yaradır. Azərbaycan coğrafiyasının və iqtisadi potensialının dəyərini çox yaxşı bilir və ölkəmizin hər hansı xarici oyunçu tərəfindən geosiyasi intriqalara cəlb olunmasına qətiyyən icazə verməmişdir. Cənubi Qafqaz geosiyasi mübarizə meydanına çevrilməməlidir.
Bölgədə sülhün və dayanıqlı inkişafın təmin edilməsi üçün ən optimal yol məhz regional ölkələrin bərabərhüquqlu iştirakı ilə qurulan əməkdaşlıqdır. Dövlət başçısı vurğulamışdır ki, bütün regionun – Rusiya, İran, Türkiyə, Ermənistan və Azərbaycanın məsələləri ilə bərabər hüquqda məşğul olmaq ən düzgün konsepsiyadır. Bu format, Azərbaycan və Ermənistan üçün çətir rolunu oynayacaq qeyri-effektiv bir “ikinci Minsk qrupu”na çevrilməməlidir. Əksinə, aydın gündəliyi olan bu beştərəfli əməkdaşlıq modeli (Gürcüstanın qoşulmadığı nəzərə alınaraq) Cənubi Qafqazın kənar müdaxilələrdən azad, sülh və qarşılıqlı fəaliyyət bölgəsinə çevrilməsinə xidmət edəcəkdir.
Nüşabə Məmmədova,
YAP Nizami rayon təşkilatının fəalı



