
Azərbaycanın xarici siyasət xətti müasir dövrün çağırışlarına uyğun olaraq çoxşaxəli, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə söykənir. Bu siyasətin mərkəzində isə Türkiyə-Azərbaycan qardaşlığı xüsusi yer tutur. Dövlət başçısının qeyd etdiyi kimi, dünyada bir-birinə bu qədər dəstək verən və dost olan Türkiyə və Azərbaycandan başqa digər iki dövlət tapmaq bəlkə də qeyri-mümkündür. Şuşa Bəyannaməsinin imzalanması ilə iki ölkə arasındakı münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Bu, o deməkdir ki, hər hansı bir xoşagəlməz hadisə üz verərsə, digər tərəf bütün potensialı, o cümlədən hərbi gücü ilə qardaşının müdafiəsinə qalxacaqdır. Bu model bütün qonşu dövlətlər tərəfindən baxılmalı və tətbiq edilməli olan ideal bir nümunədir.
Qərb ölkələri və təsisatları ilə münasibətlər isə müxtəlif dinamikalarla inkişaf edir. Avropa Komissiyasının əvvəlki rəhbərliyi, xüsusən də cənab Borrelin fəaliyyəti zamanı münasibətlərdə yaranan çətinliklər artıq aradan qalxmaqdadır. Cənab Borrelin korrupsiyaya uğramış şəxslərlə, o cümlədən məvacib aldığı iddia edilən Okampo ilə əlbir olması münasibətlərə zərər vurmuşdu. Lakin yeni Komissiya ilə əlaqələr müsbət məcraya yönəlib və yüksəksəviyyəli rəsmilərin Azərbaycana səfərləri bunun göstəricisidir. Bununla belə, AŞPA-nın Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyi, səsvermə hüququmuzun əsassız yerə məhdudlaşdırılması ölkəmizin bu qurumdan, hətta ümumilikdə Avropa Şurasından çıxmaq variantını nəzərdən keçirməsinə gətirib çıxarıb. Digər tərəfdən, ABŞ ilə münasibətlərdə xüsusilə Tramp Administrasiyası dövründə böyük irəliləyişlər əldə edilib, tarixi 907-ci düzəlişin mənasızlığı sübuta yetirilib və münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qalxıb.
Azərbaycanın Şərqə doğru atdığı addımlar da böyük strateji önəm daşıyır. Çin Xalq Respublikası ilə münasibətlərdə iqtisadi, texnoloji və nəqliyyat sahələrində sıx əməkdaşlıq mövcuddur. Bu gün Azərbaycanda Günəş panellərinin və BYD elektrik avtobuslarının istehsalı kimi vacib layihələr məhz Çin şirkətlərinin iştirakı ilə həyata keçirilir. Həmçinin, Orta Dəhliz vasitəsilə Çindən Azərbaycana daşınan yüklərin həcmi durmadan artır. Eyni zamanda, Mərkəzi Asiya dövlətləri, o cümlədən Özbəkistan və Qazaxıstanla qardaşlıq əlaqələri yüksək səviyyədədir. Bu ölkələr Qarabağın bərpasında Azərbaycana ilk dəstək verən dövlətlər sırasında olmuşlar. Azərbaycanın tamhüquqlu üzv kimi Mərkəzi Asiya Məşvərət Şurasına qoşulması isə ölkəmizin geoiqtisadi və geosiyasi məkanla vahid bir platformada birləşməsi deməkdir.
Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



