AnalitikaGündəmSosial

Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin 5 ili

Bu il Azərbaycan ilə Türkiyə arasında imzalanmış tarixi “Şuşa Bəyannaməsi” nin 5-ci ildönümü qeyd olunur. 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanan bu sənəd iki qardaş ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Bəyannamə Azərbaycan və Türkiyənin strateji tərəfdaşlığını daha da gücləndirərək müttəfiqlik səviyyəsinə yüksəltdi.

Şuşa Bəyannaməsi siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bu sənəd iki ölkənin milli maraqlarının qorunması, regional təhlükəsizliyin möhkəmləndirilməsi və qarşılıqlı dəstəyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bəyannamənin imzalanması Azərbaycan-Türkiyə qardaşlığının hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib.

Ötən beş il ərzində iki ölkə arasında əlaqələr sürətlə inkişaf edib. Birgə iqtisadi layihələrin həyata keçirilməsi, enerji sahəsində əməkdaşlığın genişlənməsi, nəqliyyat dəhlizlərinin inkişafı və müdafiə sahəsində görülən işlər bu münasibətlərin nə qədər güclü olduğunu göstərir. Hər iki dövlət beynəlxalq platformalarda da bir-birinin mövqeyini dəstəkləyərək qarşılıqlı etimada əsaslanan əməkdaşlıq nümunəsi nümayiş etdirir.

Şuşa Bəyannaməsinin məhz Şuşada imzalanması xüsusi rəmzi məna daşıyır. Bu şəhər Azərbaycan xalqının tarixində, mədəniyyətində və mənəvi dəyərlərində mühüm yer tutur. Bəyannamənin Şuşada imzalanması həm Azərbaycanın ərazi bütövlüyünün bərpasının təsdiqi, həm də bölgədə yeni inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.

Bu gün Şuşa Bəyannaməsi təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün Türk dünyası üçün birlik və həmrəyliyin simvoluna çevrilib. Sənəd regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir. Qarşıdakı illərdə də iki qardaş ölkənin “Bir millət, iki dövlət” prinsipi əsasında əlaqələrini daha da inkişaf etdirəcəyi və ortaq məqsədlər naminə birlikdə fəaliyyət göstərəcəyi şübhəsizdir. Şuşa Bəyannaməsi gələcək nəsillər üçün dostluğun, qardaşlığın və qarşılıqlı etimadın parlaq nümunəsi olaraq tarixdə öz yerini qoruyub saxlayacaq

Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button