
Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş güləş üzrə Avropa çempionatında yüksək nəticələr əldə edərək komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi, sərbəst güləş və qadın güləşi üzrə milli komanda üzvlərini, həmçinin onların məşqçilərini qəbul edib.
Görüş zamanı dövlət başçısı idmançıları böyük nailiyyət münasibətilə təbrik edib və bu qələbənin bütün Azərbaycan xalqı üçün sevindirici olduğunu bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan güləşçiləri Avropada bir daha birinciliklərini sübut ediblər və bu nəticə gərgin rəqabət şəraitində qazanılıb.
Dövlət başçısı çıxışında müasir dövrdə güləş idman növündə rəqabətin daha da artdığını, bir çox ölkələrin güclü idmançılarla təmsil olunduğunu vurğulayıb. Buna baxmayaraq, Azərbaycan güləşçilərinin yüksək peşəkarlıq nümayiş etdirərək uğur qazandıqları qeyd olunub.
Prezident İlham Əliyev Azərbaycan güləş məktəbinin zəngin ənənələrə malik olduğunu, bu ənənələrin uğurla davam etdirildiyini bildirib. Onun sözlərinə görə, həm təcrübəli idmançılar, həm də gənc nəsil yüksək nəticələr göstərir ki, bu da məşq və seleksiya prosesinin düzgün qurulduğunu təsdiqləyir. Bu münasibətlə federasiya rəhbərliyi və məşqçilər də təbrik edilib.
Dövlət başçısı beynəlxalq yarışlarda Azərbaycan bayrağının yüksəldilməsinin xalq üçün böyük qürur mənbəyi olduğunu vurğulayıb. Bu uğurların gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığı qeyd edilib.
Çıxışda güləş federasiyasında tanınmış idmançıların və Olimpiya çempionlarının rəhbər və məşqçi kimi fəaliyyət göstərməsi də yüksək qiymətləndirilib. Prezident bu təcrübənin idmanın inkişafına müsbət təsir etdiyini bildirib və nəsillər dəyişsə də, Azərbaycan idmanının uğurlarının davam etdiyini vurğulayıb.
Bölgələrdə idmanın inkişafına da toxunan dövlət başçısı Olimpiya İdman komplekslərinin və güləş zallarının gənc idmançıların hazırlanmasında mühüm rol oynadığını qeyd edib. Seleksiya və məşq prosesinin təkmilləşdirilməsinin gələcək uğurların əsasını təşkil etdiyi bildirilib.
Prezident İlham Əliyev ümumilikdə Azərbaycan idmanının beynəlxalq arenada ölkəni ləyaqətlə təmsil etdiyini, Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında əldə olunan nəticələrin bunu təsdiqlədiyini deyib. O, idmanda qələbə ilə yanaşı məğlubiyyətlərin də mümkün olduğunu, lakin əsas amilin idmançıların qələbə əzmi olduğunu vurğulayıb.
Dövlət başçısı idmanın ölkədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu, bu sahədə həyata keçirilən tədbirlərin Azərbaycanın idman potensialını daha da gücləndirdiyini bildirib. Azərbaycanda keçirilmiş beynəlxalq idman yarışları da ölkənin idman sahəsindəki imkanlarının göstəricisi kimi qiymətləndirilib.
Sonda Prezident İlham Əliyev idmançıları bir daha təbrik edib, onlara yeni uğurlar arzulayıb və Azərbaycan idmanının gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



