
15 aprel Azərbaycan xalqı üçün dərin mənəvi məna daşıyan bir gündür. Bu tarixdə görkəmli alim və fədakar həkim Zərifə Əliyevanın xatirəsi ehtiramla yad olunur. Onun həyatı elmə, insanlara və Vətənə xidmətin ən gözəl nümunəsidir.
Zərifə xanım oftalmologiya sahəsində mühüm elmi nailiyyətlər əldə etmiş, xüsusilə traxoma kimi təhlükəli xəstəliklə mübarizədə böyük rol oynamışdır. Onun tətbiq etdiyi müalicə üsulları sayəsində bu xəstəlik Azərbaycanda aradan qaldırılmışdır. Bu isə onun xalqın sağlamlığı uğrunda çalışan fədakar bir şəxsiyyət olduğunu göstərir.
O, eyni zamanda yüzlərlə gənc həkimin yetişməsinə töhfə vermiş, öz bilik və təcrübəsini gələcək nəsillərə ötürmüşdür. Onun fəaliyyəti təkcə elm sahəsi ilə məhdudlaşmamış, yüksək humanizm və insanpərvərlik prinsipləri ilə də seçilmişdir.
Zərifə Əliyeva həm də böyük dövlət xadimi Heydər Əliyevin həyat yoldaşı, Prezident İlham Əliyevin anası kimi ailədə yüksək mənəvi dəyərlərin formalaşmasına mühüm təsir göstərmişdir.
Bu gün onun adı Azərbaycan tarixində elm, mərhəmət və ziyalılıq simvolu kimi yaşayır. Zərifə Əliyevanın həyatı hər bir insan üçün örnəkdir və onun xatirəsi daim hörmətlə anılır.
Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



