Analitika

Zərifə Əliyevanın fəaliyyətində xüsusi yer tutan məsələlərdən biri traxoma infeksion xəstəliyinə qarşı mübarizə olmuşdur

Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamış, yüksək peşəkarlığı və insanlara olan qayğısı ilə yadda qalan görkəmli alimlərdən biridir. Onun həyat və fəaliyyəti təkcə tibbi nailiyyətlərlə deyil, həm də milli səhiyyə sisteminin formalaşmasına verdiyi töhfələrlə seçilir. Hər il 15 aprel tarixində qeyd olunan anım günü Zərifə xanımın əziz xatirəsinin yad edilməsi, onun zəngin irsinin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmışdır. Erkən yaşlarından elmə və təhsilə böyük maraq göstərən Zərifə xanım 1942-ci ildə orta məktəbi uğurla başa vurduqdan sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. O, 1947-ci ildə institutu əla qiymətlərlə bitirərək, gələcək uğurlarının təməlini qoymuşdur. Həmin dövrdən etibarən o, həyatını Azərbaycan səhiyyəsinə həsr etmişdir.
Alim-oftalmoloq kimi fəaliyyətə başlayan Zərifə Əliyeva 1949-cu ildən etibarən Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi çalışmışdır. 1950-ci ildə aspiranturaya daxil olaraq elmi fəaliyyətini daha da genişləndirmiş, həm nəzəri, həm də praktik sahədə dərin biliklər qazanmışdır. Onun elmi maraqları əsasən göz xəstəliklərinin öyrənilməsi, diaqnostikası və müalicəsi ilə bağlı olmuşdur. Bu istiqamətdə apardığı tədqiqatlar onu qısa müddətdə tanınmış mütəxəssisə çevirmişdir.
1960–1967-ci illərdə Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışan Zərifə Əliyeva bu dövrdə mühüm elmi nailiyyətlər əldə etmişdir. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verilmişdir. Bu, onun elmi fəaliyyətinin yüksək qiymətləndirilməsi idi və gələcək uğurlar üçün geniş imkanlar açdı.
Zərifə Əliyevanın fəaliyyətində xüsusi yer tutan məsələlərdən biri traxoma infeksion xəstəliyinə qarşı mübarizə olmuşdur. XX əsrin ortalarında Azərbaycanda geniş yayılmış bu xəstəlik minlərlə insanın görmə qabiliyyətini itirməsinə səbəb olurdu. Belə bir çətin dövrdə Zərifə xanım həm elmi, həm də praktiki sahədə fəal iştirak edərək bu problemin həllinə böyük töhfə vermişdir. O, xəstəliyin daha çox yayıldığı bölgələrə səfərlər edir, yerli həkimlərə məruzələr oxuyur, profilaktik tədbirlərin təşkilində yaxından iştirak edirdi. Onun səyi nəticəsində traxomanın yayılmasının qarşısının alınması istiqamətində ciddi irəliləyişlər əldə olunmuşdur.
Zərifə Əliyeva yalnız alim kimi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik bir insan kimi tanınmışdır. O, xəstələrə xüsusi qayğı ilə yanaşır, onların problemlərini dərindən anlayaraq müalicə prosesinə böyük məsuliyyətlə yanaşırdı. Onun humanizmi və peşəkarlığı bu gün də tibb işçiləri üçün örnək hesab olunur.
Bu gün Zərifə Əliyevanın irsi Azərbaycan səhiyyəsində yaşayır və inkişaf edir. Onun elmi əsərləri, tədqiqatları və yetişdirdiyi mütəxəssislər ölkənin tibb sahəsində əldə etdiyi nailiyyətlərin əsasını təşkil edir. 15 aprel anım günü isə onun həyat yoluna bir daha nəzər salmaq, xidmətlərini dəyərləndirmək və gələcək nəsillərə tanıtmaq üçün mühüm bir fürsətdir.

Pərvin Cəfərli,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button