MaraqlıSosial

8 Mart – Qadınlara Hörmət və Dəyər Günü

8 Mart – Beynəlxalq Qadınlar Günü cəmiyyətimizdə qadınlara olan sevgi, hörmət və ehtiramın ifadə olunduğu xüsusi bir gündür. Bu əlamətdar tarix qadınların cəmiyyət həyatındakı rolunu, zəhmətini və fədakarlığını bir daha xatırladır. Ana, bacı, müəllimə, həkim, alim və rəhbər kimi qadınlar həyatımızın hər sahəsində mühüm yer tutur və gələcəyin formalaşmasında böyük pay sahibidirlər.
Azərbaycan qadını tarix boyu öz müdrikliyi, mərdliyi və vətənpərvərliyi ilə seçilmişdir. Ölkəmizdə qadınlara verilən dəyər dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Qadınların hüquqlarının qorunması, onların ictimai-siyasi həyatda fəal iştirakı üçün geniş imkanlar yaradılmışdır. Bu, cəmiyyətimizin inkişafının mühüm göstəricilərindəndir.
Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev qadın siyasətinin əsasını qoymuş, qadınların dövlət idarəçiliyində və ictimai həyatda rolunun artmasına xüsusi önəm vermişdir. Bu siyasət bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qadınların sosial rifahının yaxşılaşdırılması, məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.
Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən həyata keçirilən sosial və humanitar layihələr qadınların və ailələrin rifahına böyük töhfə verir. Təhsil, səhiyyə və mədəniyyət sahəsində görülən işlər qadınların cəmiyyət həyatında daha fəal iştirakına şərait yaradır.
Bu gün Azərbaycan qadınları elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə mühüm nailiyyətlər qazanır, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edirlər. Onların əməyi və zəhməti dövlət tərəfindən yüksək qiymətləndirilir, müxtəlif mükafat və fəxri adlarla təltif olunurlar. Bu, qadın əməyinə verilən dəyərin bariz nümunəsidir.
8 Mart yalnız bayram deyil, həm də qadınlara minnətdarlıq və diqqət göstərmək günüdür. Bu əlamətdar gündə bütün qadınlara möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayırıq. Qadınların daim sevgi və qayğı ilə əhatə olunması cəmiyyətimizin daha da güclənməsinə xidmət edir.

Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri

Oxşar Xəbərlər

Back to top button