
Prezident İlham Əliyevin 20 yanvar 2026-cı ildə Davosda “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sisteminə dair dərin və strateji baxışı ilə xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının səsləndirdiyi fikirlər təkcə Azərbaycanın keçdiyi yolu deyil, həm də qlobal miqyasda formalaşan yeni siyasi reallıqları aydın şəkildə izah edir. Bu müsahibədə Prezident İlham Əliyev beynəlxalq hüququn mövcud vəziyyəti, güc balansının dəyişməsi və milli maraqlara əsaslanan siyasətin vacibliyi məsələlərini xüsusi vurğulamışdır.Prezident İlham Əliyev açıq şəkildə qeyd etmişdir ki, beynəlxalq hüquq normaları artıq dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq və toxunulmaz prinsip kimi qəbul edilmir. Bu, müasir dövrdə beynəlxalq münasibətlərin ən ciddi problemlərindən biridir. Dövlət başçısının fikrincə, bir çox hallarda beynəlxalq hüquq selektiv şəkildə tətbiq olunur, ədalət prinsipləri isə güc amili ilə əvəzlənir. Məhz bu reallığı düzgün qiymətləndirən Azərbaycan öz strateji məqsədlərini milli maraqlar əsasında müəyyən etmişdir.
İlham Əliyev müsahibəsində Azərbaycanın həyata keçirdiyi bütün siyasi, diplomatik və hərbi addımların beynəlxalq hüquqa tam uyğun olduğunu xüsusi vurğulamışdır. Suverenliyin və ərazi bütövlüyünün bərpası prosesi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanmış, BMT Nizamnaməsi və ümumi qəbul olunmuş dəyərlər çərçivəsində reallaşdırılmışdır. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan sübut etdi ki, milli maraqları qorumaqla yanaşı, beynəlxalq hüquqa hörmət göstərmək mümkündür.Dövlət başçısının müsahibəsində diqqət çəkən əsas məqamlardan biri də beynəlxalq münasibətlərin yeni eraya qədəm qoyması barədə fikirləridir.
Prezident İlham Əliyev bildirmişdir ki, bu yeni dövrdə artıq qanunun aliliyi deyil, güc qaydası bir çox hallarda həlledici rol oynayır. Dünyanın müxtəlif regionlarında baş verən münaqişələr, ikili standartlar və selektiv yanaşmalar bu fikrin bariz sübutudur. Belə bir şəraitdə hər bir dövlət öz təhlükəsizliyini və gələcəyini təmin etmək üçün realist və praqmatik siyasət yürütməlidir.Prezident İlham Əliyev Azərbaycanın bu çağırışlara cavab olaraq formalaşdırdığı strategiyanı da müsahibədə ətraflı izah etmişdir. Onun sözlərinə görə, hər bir ölkə öz strategiya və siyasətini öz potensialına uyğunlaşdırmalı, regional və qlobal müstəvidə mümkün qədər çox tərəfdaşla qarşılıqlı faydalı münasibətlər qurmalıdır.Azərbaycan məhz bu yanaşma sayəsində həm regionda, həm də beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınmışdır.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın uğurlu xarici siyasət modelini və müasir beynəlxalq münasibətlərə dair aydın baxışını ortaya qoyur. İlham Əliyevin uzaqgörənliyi, prinsipial mövqeyi və milli maraqlara əsaslanan siyasəti Azərbaycanın müstəqil, güclü və söz sahibi dövlət kimi mövqeyini daha da möhkəmləndirir. Bu müsahibə bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan yeni dövrün çağırışlarına hazırdır və öz yolunu inamla davam etdirir.
Pərvin Cəfərli,
Yeni Azərbaycan Partiyası,məsləhətçi



