AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan yeni reallıqlar mühitində öz inkişafının növbəti mərhələsinə qədəm qoymuşdur

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır. Ötən dövrdə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır.

Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.

Bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoymuşdur. Yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi, cəmiyyət həyatında şəffaflığın və ictimai iştirakçılığın, həmçinin ölkədə mövcud siyasi dialoqun dərinləşdirilməsi, zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və digər məsələlər həyata keçirilən siyasətin prioritet istiqamətləri olacaqdır.

Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.

24 dekabr Cənab Prezident İlham Əliyevin ad günüdür. Hər bir azərbaycanlının ümidi və qüruru olan Dövlət Başçımızı ad günü münasibətilə təbrik edir, can sağlığı, uğurlar və Yeni Azərbaycanın tərəqqisi naminə möhtəşəm işlərində qələbələr arzulayırıq.

Vəli Hüseynli,
Nizami rayonu 61 saylı məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button