
Ölkəmizin demokratik və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır. İnsanların konstitusion hüquqlarından istifadə etmələrinə lazımi şərait yaradılıb. On minlərlə vətəndaşa şamil edilən əfv fərmanları, Amnistiya Aktları beynəlxalq birlik tərəfindən də dövlətimizin demokratik inkişaf yolunda atdığı addım kimi dəyərləndirilir. Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə insan hüquq və azadlıqlarının müdafiəsi üçün möhkəm təməl formalaşdırılmışdır. Konstitusiyanın qəbulundan sonra Azərbaycanda hüquqi islahatların keyfiyyətcə yeni mərhələsi başlanmış, dövrün tələblərinə cavab verən bir sıra yeni qanunvericilik aktları hazırlanaraq qəbul edilmişdir.
1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Azərbaycanın yalnız 2000-2003-cü illərdə ratifikasiya etdiyi “İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzaların qarşısının alınması haqqında”, “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında”, “Ekstradisiya haqqında”, “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında”, “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında” konvensiyalar praktik əhəmiyyəti ilə diqqəti çəkir. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzası ləğv olundu. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətini özündə əks etdirən humanistlik nəticəsində 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edilmiş, həmin dövrdən etibarən imzalanmış sərəncam və fərmanlara əsasən minlərlə vətəndaşımız azadlığa qovuşmuşdur. Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salsaq, siyasi sistemdə təkmilləşmənin, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə marağın şahidi olarıq.
Bu, müstəqil dövlətimizin sivil, hüquqi dəyərlərə sadiqliyini əməli işi ilə sübut etdiyini təsdiqləyir. Demokratik cəmiyyətin varlığını şərtləndirən amillərin ölkəmizdə bərqərar olunması istiqamətində atılan addımlar daim beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən təqdir olunur. Prezident İlham Əliyev bütün çıxışlarında bəyan edir ki, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin sürətləndirilməsi, hüquqi dövlətin qurulması sadəcə bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir.
Konstitusiyamızda əksini tapan maddələrin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına və müdafiəsinə xidmət edir. Ən mühüm dəyişikliklərdən biri budur ki, dövlətin ali məqsədi yalnız insan hüquq və azadlıqlarını qorumaq deyil, onların layiqli həyat səviyyəsini təmin etməkdir. Nüfuzlu beynəlxalq təşkilatlar mütəmadi olaraq, dünyada demokratiya və insan hüquqları sahəsində mövcud durumla bağlı hesabatını açıqlayır. Daim ölkəmiz həmin hesabatlarda müsbət göstəriciləri ilə yer tutur. Dövlət başçısı İlham Əliyevin imzaladığı əfv fərmanları, amnistiya aktları, insan hüquqlarının müdafiəsinə xidmət edən Proqramın təsdiqlənməsi, eyni zamanda, insan hüquqları gününün təsis edilməsi buna əyani sübut kimi qeyd olunur.
Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya Aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi



