AnalitikaGündəmSiyasət

Qürurun Anı: Şəhidlərin Ruhuna Qovuşan Xəbər

2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından etdiyi müraciət Azərbaycan tarixində ən yadda qalan çıxışlardan biri oldu. O an təkcə bir xəbərin deyil, bütöv bir millətin ruhunun dirçəlişinin anı idi. Şuşanın azad edildiyi xəbərini şəhidlərin məkanı olan bu müqəddəs məkandan elan etmək böyük rəmzi mənaya malik idi — qələbə, onu mümkün edənlərin ruhuna hörmətlə təqdim olundu.

İlham Əliyevin çıxışı həm qürur, həm minnətdarlıq, həm də inamla dolu idi. Onun səsi Azərbaycan xalqının illərlə içində saxladığı sevincin, qələbə arzusunun sədası idi. “Şuşa azaddır!” kəlməsi ölkənin hər bir guşəsində, hər bir qəlbində eyni güclə səsləndi. Bu, həm də müstəqil Azərbaycanın ən möhtəşəm siyasi və mənəvi bəyanatına çevrildi.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatlar, diplomatik iradə və xalqın birliyi bu bəyanatı mümkün edən əsas qüvvələr idi. Şuşanın azadlığı Azərbaycanın tarixi haqqının bərpası, ədalətin təntənəsi idi. Bu bəyanatla xalq öz əzəli torpaqlarına yenidən sahib çıxmağın qürurunu yaşadı.

Noyabrın 8-i artıq Azərbaycan tarixinin əbədi səhifəsidir. O gün Şəhidlər xiyabanında səslənən sözlər həm bir dövrün tamamlanması, həm də yeni bir mərhələnin başlanğıcı idi. Qələbə ruhu bu çıxışdan sonra daha da möhkəmləndi və millətin yaddaşına “Zəfər Günü” kimi həkk olundu.

Günay Şahverdiyeva
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button