AnalitikaGündəmSiyasət

Bu gün müstəqil Azərbaycanın Dövlət bayrağı kimi üçrəngli bayrağımızın qəbul edilməsində Ulu Öndərin müstəsna xidmətləri olmuşdur

Qədim dövrlərdən xalqımız öz bayrağı uğrunda, onu qorumaqdan və ucalarda tutmaqdan ötrü canlarından keçmişdi. Bugünkü müstəqil Azərbaycanın Dövlət rəmzi olan üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. 9 noyabr günü ölkədə qeyri-iş günü olan bayramlar siyahısına daxil edilmişdir. Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Üçrəngli Dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda hökumətin iclasında Dövlət atributu kimi qəbul edilib. “Türkçülüyü, müasirliyi və islamçılığı” özündə əks etdirən bayrağımızın müəllifi Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan, böyük mütəfəkkir Əli bəy Hüseynzadə olmuşdur.

Azərbaycan xalqını ən çox qürurlandıran anlardan biri də döyüşçülərimizin Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq, azad etdikləri ərazilərimizdə dövlət bayrağımızı ucaltmalarını və bu barədə Ali Baş Komandan İlham Əliyevə məlumat vermələrini əks etdirən videogörüntülər idi.

Bu mənzərəni seyr etdikcə xalqımızın sevinci yerə-göyə sığmırdı. Çünki bayraq dövlətin simvollarından biridir. Onun müstəqilliyinin, qüdrətinin rəmzidir. Harada Azərbaycan bayrağı dalğalanırsa, orada dövlətimizin gücü, vətənimizin adı var.

Düşmənin otuz ilinə yetirə bilmədiyi işğal bitdi. Ermənistan öz layiqli cavabını döyüş meydanında aldı. Düşmənin silahlı qüvvələri qəhrəman Azərbaycan ordusu tərəfindən darmadağın edildi. Otuz ilə yaxın davam edən həsrətimiz, nigarançılığımız, narahatlığımız bitdi. Bu gün yağılardan geri aldığımız ərazilərimizdə – Qubadlıda, Cəbrayılda, Zəngilanda, Füzulidə, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında… Azərbaycan bayrağı dalğalanır.

Bu, o bayraqdır ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin hökumət başçısı Fətəli xan Xoyskinin məruzəsi əsasında təsdiqləndi. Azərbaycanın üçrəngli, ay-ulduzlu dövlət bayrağı 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin açılışı zamanı binanın üzərində dalğalanmağa başladı.

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk müstəqil, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Azərbaycanda dövlətçilik ənənələrinin bərpası reallaşanda əhəmiyyətli məsələlərdən biri də əsas dövlət atributlarından, simvollarından birinin – bayrağın necə hazırlanması oldu. Bayraq haqqında Cümhuriyyət hökuməti ilk qərarı 1918-ci il iyunun 21-də verdi. Qərarda Azərbaycanın dövlət bayrağı qırmızı rəngdə, orta hissəsində ağ aypara və səkkizguşəli ulduz təsvirli qəbul edildi. Həmin il iyunun 21-də hökumət bayraq haqqında qərar verdi. 1919-cu ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin bir illiyinə həsr olunmuş “Bir yaş” adlı məqaləsində Üzeyir bəy Hacıbəyli onun rənglərinin mənası barədə yazırdı: “Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur”. Tarixin qovğalarında, siyasətin fırtınalarında, düşmənlərin məkrli planları, hiylələri ilə qurulmuş hadisələrdə müsibətlər çəkdi. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti quruldu. Sovet hakimiyyətinin ilk illərində Azərbaycan dövlət atributlarını sovet Rusiyasının atributlarına uyğunlaşdırmaq məcburiyyətində qaldı. O vaxtdan Azərbaycan dövlətinin müstəqilliyinin rəmzi olan üçrəngli, ay-ulduzlu bayrağımızın yeri vətənsəverlərimizin, millətsevərlərimizin qubar bağlamış könülləri oldu. Sovet hakimiyyətinin Azərbaycanı bu bayrağa həsrət qoyduğu illər on illər boyu davam etdi. Ancaq bir gün üçrəngli, ay-ulduzlu bayrağımızın yenidən müstəqil Azərbaycanın başı üzərində dalğalanacağına inam yaşadı. O günlər yaxınlaşdı. 1980-cı illərin sonlarında meydan hərəkatında üçrəngli, ay-ulduzlu bayrağımız qaldırıldı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada üçrəngli, ay-ulduzlu bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul etdi.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, həmçinin Dövlət bayrağını bərpa etdi. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirildi.

İkinci Qarabağ müharibəsində bütün Azərbaycan xalqı öz dövlətinin yanında bir yumruq kimi birləşərək Vətən üçün can verməyə hazır, qan tökməyə qadir olduğunu bir daha göstərdi. Odur ki, ucalarda dayan, inamla, arxayınlıqla, qürurla dalğalan, ey möhtəşəm ölkəmizin bayrağı! Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan!

Günel Əlizadə
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button