
Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın əsasıdır
Hər bir xalqın varlığını yaşadan onun milli rəmzləridir. Azərbaycan üçün isə bu rəmzlərin ən ucası, ən müqəddəsi — üçrəngli, səkkizguşəli ulduzlu aypara bayrağımızdır. Bu bayraq təkcə bir parça parça deyil, o, xalqımızın yüzillik arzularının, mübarizəsinin, qürur və şəhid qanının simvoludur.
Bir zamanlar düşmən tapdağı altında qalan torpaqlarımızda bu bayrağın dalğalanması xalqımız üçün bir yuxu, bir amal idi. Hər bir ana arzulayırdı ki, oğlu şəhid olsa belə, bayraq o torpaqlarda dalğalansın. Hər bir əsgər qəlbində bir istəklə döyüşürdü – “Bayrağı ucalt!” Bu ucaltmaq əmri Azərbaycan tarixində ən şanlı səhifəni yazdı: 2020-ci ilin 44 günündə üçrəngli bayrağımız yenidən Qarabağ səmasına qaldırıldı.
O gün Şuşada dalğalanan bayraq yalnız bir şəhərin deyil, bütöv Azərbaycanın qəlbinə işıq saçdı. Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Hadrutda dalğalanan bayrağımızın hər yellənişi bir şəhidin ruhunu ucaltdı, hər dalğası xalqın qürur səsini dünyaya yaydı. Biz o bayraqda azadlığın nəfəsini, şəhidlərimizin son baxışını, Vətənə olan sevginin sonsuzluğunu gördük.
Bu gün o bayraq təkcə azad torpaqlarda deyil, hər bir azərbaycanlının ürəyində dalğalanır. O bizə güc verir, birlik verir, gələcəyə inam verir. Üçrəngli bayrağımıza baxanda biz həm keçmişimizi xatırlayırıq, həm də gələcəyimizə inanırıq. Mavi rəngdə türk kökümüzün, qırmızıda müasirliyin və inkişafın, yaşıl rəngdə isə mənəviyyatın və islami dəyərlərin işığını görürük.
Bayrağımızın bu gün azad Qarabağda dalğalanması yalnız hərbi qələbə deyil, həm də milli kimliyimizin bərpasıdır. O, əsarətə yox, azadlığa, məğlubiyyətə yox, qələbəyə, qorxuya yox, inama çağırır. Bayraq altında birləşən xalq məğlub olmaz — bunu tarix sübut etdi, bunu 2020-ci ilin Zəfəri sübut etdi.
Bu gün 9 Noyabrda hər bir azərbaycanlı fəxrlə başını ucaldıb deyir: “Bu mənim bayrağımdır!” O bayraq ki, hər ulduzunda şəhidin ruhu, hər rəngində bir xalqın mənəvi dərinliyi var. Biz bu bayrağı qorumaqla öz dövlətimizi, gələcəyimizi, sabahımıza olan inamı qoruyuruq.
Üçrəngli bayrağımız dalğalandıqca Azərbaycan var olacaq. O, azadlığın, suverenliyin, qalibiyyətin və milli birliyin əbədi nişanəsidir. Bizim bayrağımız — qalib xalqın, məğrur ordunun, yenilməz ruhun rəmzidir.
Sevinc Qəhrəmanova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



