
8 noyabr Azərbaycan xalqının bir millət kimi yaddaşına həm qürur, həm də zəfər günü kimi həkk olunub. Bu tarix təkcə bir şəhərin azad edilməsi deyil, uzun illər davam edən həsrətin bitməsi, torpaqlarımız uğrunda canından keçən şəhidlərin ruhuna ehtiram, milli kimliyimizin bərpası deməkdir. Şuşanın azad olunması, sadəcə bir hərbi əməliyyat deyil, Azərbaycan ruhunun, əzminin və haqq savaşının tarixi qələbəsidir. Qarabağın tacı sayılan bu şəhər, 1992-ci ildən etibarən işğal altında qalmış, amma heç vaxt xalqın ürəyindən və xəyalından silinməmişdi. Şuşa azərbaycanlı üçün yalnız coğrafi məkan deyil, musiqinin səsi, poeziyanın nəfəsi, tarixin dili, mədəniyyətin özü deməkdir.
Şuşa əsrlər boyu Azərbaycan mədəniyyətinin beşiyi sayılıb. Xan Şuşinski, Üzeyir Hacıbəyli, Bülbül kimi sənətkarların yetişdiyi bu torpaq həm muğamın, həm ədəbiyyatın, həm də azadlıq düşüncəsinin məkanı olub. Ona görə də Şuşanın azadlığı yalnız siyasi deyil, həm də mənəvi qayıdış idi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun Şuşanı misilsiz qəhrəmanlıqla azad etməsi, dünya hərb tarixində nadir rast gəlinən əməliyyatlardan biri kimi dəyərləndirilir. Qayalıqlardan, səhra yollarından, əlbəyaxa döyüşlərlə qazanılan bu qələbə göstərdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayıb və heç vaxt tarixi ədalətdən vaz keçməyib.
Bu gün Şuşa yenidən dirçəlir. Şəhərdə bərpa və quruculuq işləri aparılır, mədəniyyət tədbirləri keçirilir, tarixi irs bərpa olunur. Şuşaya həyat qayıdırsa, demək, Qarabağa ruh qayıdır. Bu gün artıq təkcə “Şuşa bizimdir” demirik, həm də onu yaşadırıq. Şuşa yalnız keçmişin xatirəsi deyil, gələcəyin mədəniyyət paytaxtıdır.
8 noyabrın “Şuşa Şəhəri Günü” kimi qeyd edilməsi sadəcə təqvimdə bir tarix yaratmaq deyil, Şuşanın Azərbaycan ruhundakı yerinin rəsmi şəkildə təsdiqidir. Bu gün həm şəhidlərimizə minnətdarlıq günüdür, həm ordumuzun gücünə ehtiram günüdür, həm də bir millətin yenidən nəfəs aldığını göstərən simvolik bayramdır. Şuşanın azad edilməsi ilə başlayan dönüş nöqtəsi, təkcə torpaqların yox, həm də mədəni irsin, milli qürurun, tarixi ədalətin bərpasıdır.
Bu tarix bir daha sübut etdi ki, heç bir işğal xalqın iradəsini sındıra bilmir. Şuşa azaddır, bu azadlıq əbədi olacaq. Qarabağ Azərbaycandır – bu cümlə artıq şüar deyil, reallığın özüdür.
Günel Əbdürəhmanova,
Yeni Azərbaycan Partiyası məsləhətçi



