AnalitikaGündəmSiyasət

Azərbaycanın Tarixində Yeni Səhifə: Zəfərin Günəşi

Azərbaycan hər il 8 Noyabr tarixində Zəfər Gününü qeyd edir. Bu tarix ölkəmizin dövlətçilik salnaməsində xüsusi yer tutur və 44 günlük Vətən müharibəsinin ən şanlı nəticəsi kimi yaddaşlarda qalır. 2020-ci ilin payızında Azərbaycan Ordusu uzun illər işğal altında olan torpaqlarımızı azad etdi və bununla həm tarixi ədalət bərpa olundu, həm də dövlətimizin suverenliyi təmin edildi. Bu günün qeyd olunması təkcə bir tarix və ya hərbi qələbənin xatırlanması deyil. Zəfər Günü Azərbaycan xalqının birliyinin, ordumuzun gücünün və siyasi iradəmizin real göstəricisidir.

Zəfər qazanılması üçün təkcə cəbhədə döyüşən əsgər və zabitlər deyil, həm də arxa cəbhədə dayanan xalq mühüm rol oynadı. Müharibə dövründə bütün ölkə bir nəfər kimi birlik nümayiş etdirdi. Siyasi rəhbərlik, ordu rəhbərliyi, diplomatik fəaliyyət, informasiya müharibəsi və xalqın mənəvi dəstəyi vahid hədəfə — ərazi bütövlüyünün bərpasına yönəldi. Bu faktorların birləşməsi Azərbaycanı müharibədə müasir model təqdim edən dövlət kimi tanıtdı. Qısa zaman ərzində aparılan əməliyyatlar ordumuzun peşəkarlığını, yüksək texnologiyalara əsaslanan hərbi taktikanı və strateji planlamanı ortaya qoydu.

Zəfər Günü həmçinin dövlət-din, xalq-ordu, iqtidar-müxalifət birliyinin nadir nümunələrindən biri kimi tarixə düşdü. Cəmiyyətin bütün təbəqələri bu prosesdə fəal iştirak etdi. Bu, Azərbaycanın milli həmrəyliyinin parlaq nümunəsidir. Müharibədən sonra aparılan bərpa işləri də həmin həmrəyliyin davamı kimi qəbul olunur. İndi işğaldan azad edilən torpaqlarımızda infrastruktur qurulur, yollar çəkilir, hava limanları inşa edilir və insanlar doğma yurdlarına qayıdır. Bu proses təkcə hərbi qələbənin deyil, həm də iqtisadi, sosial və siyasi gücün təsdiqidir.

Zəfər Günü dünyaya bir daha göstərdi ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz torpaqlarını azad edib. İllər ərzində aparılan diplomatik fəaliyyət, səbr, siyasi möhkəmlik və ordunun modernləşdirilməsi bu qələbənin əsas dayaqları oldu. Azərbaycan rəhbərliyi beynəlxalq arenada haqq səsini ucaltdı və sonda bu səs həm siyasi, həm hərbi, həm də diplomatik səviyyədə öz nəticəsini verdi.

Bu gün Zəfər Günü Azərbaycan gəncliyi üçün böyük tarixi dərsdir. Bu qələbə göstərir ki, güclü dövlət, güclü ordu və birlik istənilən hədəfə çatdırır. Azad edilən torpaqlar artıq yeni dövrə qədəm qoyub və ölkəmizin inkişaf xəritəsində mühüm rol oynayır. Qayıdış prosesi, bərpa işləri, “ağıllı şəhər”, “ağıllı kənd” layihələri Azərbaycanın gələcək strategiyasının tərkib hissəsidir. Bu, yalnız müharibənin bitməsi deyil, regionda yeni mərhələnin başlanğıcıdır.

Zəfər Günü həm də şəhidlərin xatirəsinin anıldığı gündür. Çünki bu qələbə böyük qəhrəmanlıq və fədakarlıq bahasına qazanılıb. Şəhidlərin əziz xatirəsi xalqın yaddaşında və tarixində daim yaşayacaq. Onların göstərdiyi şücaət Azərbaycan gəncliyi üçün doğma torpağa sevginin, vətənpərvərliyin ən yüksək nümunəsidir. Bu qələbə həm də qazilərin mərdliyinin, ordumuzun gücünün və xalqın iradəsinin nəticəsidir.

Bu gün Zəfər Günü yeni Azərbaycan üçün güc, qürur və gələcəyə inam mənbəyidir. Bu tarix ölkəmizin müstəqilliyini daha da möhkəmləndirib və Azərbaycan xalqının sarsılmazlığına sübut olub. Zəfər Günü həm tarixdir, həm gələcəkdir, həm də milli kimliyimizin mühüm parçasıdır.

İldırım Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button