AnalitikaGündəmSiyasət

Müzəffər ordumuzun şanlı qələbəsi tarix salnaməsidir

8 Noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı gündür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə 30 illik işğala 44 gündə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrildi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi. Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Qarabağda genişmiqyaslı bərpa-quruculuq işlərinə start verildi, bu yerlərə yenidən həyat qayıtmağa başladı. 2020-ci il noyabrın 8-də xalqımızın tarixinə ən parlaq və möhtəşəm qələbələrdən biri yazıldı. Azərbaycan hərbçiləri dağlar qoynunda yerləşən Şuşa şəhərini erməni işğalçılarından azad etdi. Qəhrəman əsgər və zabitlərimiz mürəkkəb dağ relyefi, sıldırım qayaları, sıx meşələri, dərin dərələri, çətin və keçilməz dolayları adlayaraq düşmən hərbçilərini Qarabağın baş tacı hesab olunan Şuşadan qovub çıxardı. Prezident İlham Əliyevin Sərəncamı ilə həmin tarixi hadisənin baş verdiyi gün – noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaltdı. Azərbaycan Ordusu Şuşaya doğru dayanmadan, çox böyük inamla irəlilədi və demək olar ki, mümkünsüz işin öhdəsindən gəldi. Qəhrəman döyüşçülər yolsuzluq şəraitində dağlar-qayalar aşaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını uğurla yerinə yetirdi. Əsgər və zabitlərin döyüş üsulu, qədim tarixi şəhəri dağıtmadan, ona xələl gətirmədən azad etməsi hərb tarixində tamamilə yeni idi. Xalqımızın qəhrəman oğullarının nümayiş etdirdiyi misli görünməmiş cəsarət və igidlik nümunəsi nəticəsində bir vaxtlar nağıl, xəyal kimi görünənlər gerçəyə çevrildi. Heç şübhəsiz ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm Zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı. Xalqımız Azərbaycan Prezidentinin qurub yaratmaq əzminin, Vətən müharibəsində olduğu kimi, quruculuq işlərində də sonsuz qətiyyət və əzmkarlığının şahididir. Şanlı Zəfərdən Böyük Qayıdışa doğru inamlı addımlar atılır, doğma Qarabağımıza yenidən həyat qayıdır. Artıq minlərlə ailənin azad edilmiş şəhər və kəndlərə qayıdışı təmin olunub, onlara yeni evlərin açarları təqdim edilib. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə təxminən 30 min insan yaşayır. Belə ki, doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərlə yanaşı, hazırda bu bölgələrdə aparılan bərpa-quruculuq işlərinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır. Bu gün Ulu Öndərimiz Heydər Əliyevin ruhu şaddır. Çünki onun illər öncə başlatdığı Qarabağ savaşı məntiqi sonluğuna çatıb, şanlı Zəfərlə yekunlaşıb. Azərbaycan xalqı əmindir ki, bu zəfərlərin davamı gələcək, Prezident İlham Əliyevin liderliyi ilə yeni-yeni uğur zirvələri fəth ediləcək.

Əyyub Əliyev
Yeni Azərbaycan Partiyası, Məsləhətçi

Oxşar Xəbərlər

Back to top button