AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin müdrik rəhbərliyi Azərbaycanın MDB-də artan nüfuzunu daha da möhkəmləndirir

Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı böyük maraq doğurdu. Dövlət başçısının çıxışı qarşılıqlı etimad, sülh və əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin inkişafına yönəlmiş dərin məzmunu ilə seçildi. Prezidentin qətiyyətli və səmimi çıxışı Azərbaycan ilə Tacikistan arasında formalaşmış mehriban münasibətlərin bariz nümunəsi kimi dəyərləndirildi.

Azərbaycan və Tacikistan arasında əlaqələr qarşılıqlı hörmət və inam üzərində qurulub. Hər iki ölkəni birləşdirən ortaq dəyərlər, qədim tarix və mədəni yaxınlıq bu münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə ümid yaradır.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı seçilməsinə görə təşəkkürünü ifadə etdi. Dövlət başçısı qeyd etdi ki, uzun illər işğal altında olan Laçın azad edildikdən sonra qısa zamanda bərpa olunaraq bu gün müasir, abad və füsunkar bir şəhərə çevrilib. Bu fakt Azərbaycan xalqının quruculuq iradəsini, vətən sevgisini və azad edilmiş torpaqlara bağlılığını nümayiş etdirir.

Prezidentin çıxışında xüsusi yer tutan məsələlərdən biri də III MDB Oyunları idi. 28 sentyabrdan 8 oktyabra qədər Gəncə və ölkəmizin digər şəhərlərində keçirilən bu beynəlxalq yarışlarda 13 ölkədən 1600-dən çox idmançı iştirak edib. Bu tədbir MDB ölkələri arasında dostluğun və birliyin möhkəmlənməsinə, həmçinin Azərbaycanın idman sahəsindəki yüksək potensialının nümayişinə xidmət etdi.

Düşənbədəki çıxışı ilə Prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycan regionda sülhün, sabitliyin və əməkdaşlığın təşviqində mühüm rol oynayır. Onun müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmiz MDB məkanında etibarlı tərəfdaş, nüfuzlu və inkişaf yönümlü dövlət kimi tanınmağa davam edir.

Həsənova Səbinə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button