
Hər gün tarixi qərarlar verən, ölkəmizin uğurlarını artıran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev avqustun 22-də Türkmənistana işgüzar səfər həyata keçirərək yeni diplomatik uğura imza atdı. Dövlətimizin başçısı Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə səfərdə olub və bu çərçivədə iki lider təkbətək və geniş tərkibdə görüşlər keçirdilər.
Azərbaycan Prezidenti Avaza şəhərini yüksək qiymətləndirərək, liderlərin yaratdığı inkişafın və şəhərin estetik görünüşünün nümunə olduğunu vurğuladı. Ölkələr arasında dostluq və qardaşlıq əlaqələrinin əsrlər boyu xalqlarımızı birləşdirən ortaq tarix, mədəniyyət, dil və din üzərində qurulduğunu diqqətə çatdırdı. İlham Əliyev bildirdi ki, iki müstəqil dövlət enerjiyə, nəqliyyata, tranzit və logistika imkanlarına, rəqəmsallaşmaya və mədəni sahələrə dair geniş perspektivlərə malikdir. Onun sözlərinə görə, Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsilə Avropanı Uzaq Şərqlə birləşdirən etibarlı əlaqələr həm Azərbaycan, həm Türkmənistan, həm də region üçün böyük əhəmiyyət daşıyır.
Səfərin ən əlamətdar nəticəsi Avaza şəhərində keçirilən yüksək səviyyəli üçtərəfli görüş oldu. Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən görüşdə regional əməkdaşlığın yeni formatı təsdiqləndi. Dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun əvvəlki Azərbaycana səfərini xatırladaraq, iki ölkə arasında münasibətlərin yüksəliş dövrünü yaşadığını və bu əməkdaşlığın bütün sahələrdə inkişafının davam etdiriləcəyini bildirdi.
Füzuli şəhərində məscid inşasının Türkmənistan tərəfindən həyata keçirilməsi xüsusi diqqətəlayiq addım kimi dəyərləndirildi. Prezident İlham Əliyev qeyd etdi ki, bu təşəbbüs yalnız dini və mədəni dəyərlərin qorunmasına deyil, həm də Azərbaycan və Türkmənistan xalqları arasındakı qardaşlıq və həmrəyliyin simvoludur. Bununla yanaşı, Füzuli və Arxadağ şəhərləri arasında qardaşlaşma razılaşması mədəni və humanitar əməkdaşlıq üçün yeni imkanlar açır və xalqlar arasında uzunmüddətli dostluğun əsasını gücləndirir.
Görüş zamanı ölkələrimizin geostrateji mövqeyi və Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən potensial imkanları da vurğulandı. Nəqliyyat-tranzit və logistika sahəsində birgə fəaliyyətin region üçün böyük əhəmiyyət daşıdığı qeyd olundu. Bu əməkdaşlıq yalnız ölkələrimizin deyil, həm də geniş coğrafi regionun inkişafına, inteqrasiyasına və sabitliyinə töhfə verəcək.
Özbəkistan ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri də yüksək səviyyədə qiymətləndirildi. Dövlət başçısı vurğuladı ki, 2024-cü il avqustun 23-də imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” bu ölkələrlə strateji əlaqələrin möhkəmləndirilməsinə yönəlib. Özbəkistanın iqtisadi və sosial sahələrdə həyata keçirdiyi islahatlar, ölkənin dinamik inkişafı və beynəlxalq nüfuzunun artması Azərbaycan tərəfindən böyük maraqla izlənir.
Qarabağ bölgəsində Özbəkistanın dəstəyi xüsusilə diqqət çəkir. Xankəndidə fəaliyyət göstərən iri tikiş fabriki və Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik orta məktəb Azərbaycan-Özbəkistan əməkdaşlığının nümunəsi olaraq qiymətləndirilir. Bu layihələr gənc nəsil üçün yeni imkanlar yaradır, bölgədə bilikli və savadlı kadrların yetişməsinə yardımçı olur.
Yekunda, Azərbaycan, Türkmənistan və Özbəkistan liderləri “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı”nı qəbul etdilər. Bu sənəd üç ölkə arasında yalnız siyasi və iqtisadi əməkdaşlığı deyil, həm də mədəni, humanitar və strateji tərəfdaşlığı gücləndirən mühüm platforma rolunu oynayır. Avaza Zirvəsi göstərdi ki, liderlərin birgə səyləri regionda sülhün, sabitliyin və inkişafın təmin olunması üçün əvəzsiz əhəmiyyət kəsb edir.
Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi