AnalitikaGündəmSiyasət

Azərbaycan-Özbəkistan münasibətləri bütün sahələrdə dərinləşir

“2025-ci ilin iyulun 2-də Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birgə mətbuata verdiyi bəyanat iki dost və qardaş ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Bu səfər təkcə diplomatik xarakter daşımır, eyni zamanda qarşılıqlı hörmət və strateji əməkdaşlıqla zənginləşmiş bir siyasi xəttin davamıdır”.

Bunu “Carixeber.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi ötən il Daşkənddə imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında ən yüksək səviyyəli hüquqi sənəd olaraq münasibətlərə yeni məzmun qazandırıb. Artıq iki il ərzində Azərbaycan və Özbəkistan yalnız dost deyil, həm də rəsmi müttəfiqlərdir. Bu müttəfiqlik beynəlxalq platformalarda qarşılıqlı dəstək və ortaq layihələrlə təsdiqlənməkdədir. İkitərəfli münasibətlərin əsas sütunlarından biri də iqtisadi əməkdaşlıqdır. Son dövrlərdə yaradılmış Azərbaycan–Özbəkistan Birgə İnvestisiya Fondu artıq real layihələrlə təmin olunub. 500 milyon dollarlıq kapitala sahib bu fond vasitəsilə energetika, kənd təsərrüfatı, turizm və tikinti sahələrində onlarla layihənin icrası planlaşdırılır. Bu, ölkələrin yalnız daxili inkişafına deyil, regionun iqtisadi inteqrasiyasına da töhfə verir.

Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan Orta Dəhliz çərçivəsində nəqliyyat və logistika sahəsində birgə fəaliyyətlərini dərinləşdirir. Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Avropaya birləşdirən bu dəhliz hər iki ölkənin tranzit potensialını artırır və onların regional enerji və nəqliyyat mərkəzinə çevrilməsinə zəmin yaradır. Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan məqamlardan biri də işğaldan azad olunmuş ərazilərin bərpasında Özbəkistanın göstərdiyi qardaşlıq dəstəyidir. Füzulidə inşa edilən məktəb və Xankəndidə fəaliyyət göstərən tikiş fabriki sosial və iqtisadi baxımdan mühüm layihələrdir. Eyni zamamda, Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının və “Ağ şəhər” layihəsi çərçivəsində yaradılacaq “Özbəkistan Parkı”nın açılışı iki ölkənin mədəni əlaqələrinin daha da gücləndirilməsinə xidmət edir.

O əlavə edib ki, Azərbaycan–Özbəkistan münasibətləri bu gün yalnız diplomatik protokolla məhdudlaşmır. İki dövlət arasında strateji əməkdaşlıq, iqtisadi inteqrasiya, mədəni yaxınlıq və humanitar həmrəylik kimi dərin təməllərə söykənir. Prezident İlham Əliyevin iyulun 2-də verdiyi bəyanat bu münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə dair əminliyin və qarşılıqlı etimadın aydın ifadəsidir. Qardaşlıq və müttəfiqlik modeli olan bu münasibətlər regionda sülh və sabitliyə xidmət edən örnək bir əməkdaşlıq nümunəsidir.

Oxşar Xəbərlər

Back to top button