AnalitikaGündəmSiyasət

Beynəlxalq təşkilatlarda əməkdaşlıq

2025-ci il mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin yeni seçilmiş Baş katibi To Lam arasında keçirilən yüksək səviyyəli görüş və mətbuata verilən bəyanatlar, iki ölkə arasında münasibətlərdə mühüm dönüş nöqtəsi kimi tarixə düşdü. Bu səfər, yalnız iki dost ölkə arasında siyasi dialoqun gücləndirilməsi baxımından deyil, həm də iqtisadi, humanitar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan və Vyetnam uzun illərdir bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən dost ölkələrdir. Xüsusilə vurğulandı ki, Vyetnam Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini daim dəstəkləyib. Bu, Cənubi Qafqazda sülh və sabitlik prosesində Azərbaycanın regional lider mövqeyini bir daha gücləndirir. Vyetnam Kommunist Partiyasının Baş katibi To Lam isə Azərbaycan rəhbərliyinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi və iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində konkret addımların atılacağını vurğuladı. O bildirdi ki, enerji, kənd təsərrüfatı, təhsil və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq genişləndiriləcək və bu sahələr üzrə birgə komissiyalar yaradılacaq. Mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev enerji sahəsində Azərbaycanın əldə etdiyi qlobal uğurları xüsusi qeyd etdi və Vyetnamın da bu təcrübədən faydalana biləcəyini bildirdi. Azərbaycan bu gün enerji təhlükəsizliyi məsələsində etibarlı tərəfdaş kimi tanınır və Asiya bazarlarına çıxış imkanları baxımından Vyetnamla əməkdaşlıq qarşılıqlı maraqlara cavab verir. Görüş zamanı hər iki tərəf beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd etdi. Qeyd olundu ki, Qoşulmama Hərəkatında uğurla sədrliyi başa vuran Azərbaycan, üzv dövlətlərin bərabərhüquqlu əməkdaşlığını təşviq etməkdə davam edəcək və bu çərçivədə Vyetnamla dialoqu dərinləşdirməyə hazırdır. Bu səfər, həm də Asiya ilə Qafqaz arasında körpü rolunu oynayan Azərbaycanın geosiyasi rolunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev bildirdi ki, Zəngəzur dəhlizi də daxil olmaqla, nəqliyyat-logistika layihələri çərçivəsində Vyetnam şirkətləri üçün də yeni imkanlar açılır. Beləliklə, Bakı ilə Hanoy arasında ticarət dövriyyəsinin artırılması üçün infrastruktur baza möhkəmlənir. Humanitar sahədə əməkdaşlığın genişlənməsi məsələləri də diqqətdən kənarda qalmadı. Tərəflər ali təhsil müəssisələri arasında birgə proqramların, tələbə mübadilələrinin və mədəniyyət günlərinin təşkilini müzakirə etdilər. Bu, xalqlar arasında dostluğun daha da möhkəmləndirilməsi üçün önəmli addım hesab olunur. Nəticə etibarilə, To Lamın Bakıya rəsmi səfəri Azərbaycan–Vyetnam münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin siqnalı kimi qiymətləndirilə bilər. Bu səfər yalnız cari münasibətlərin gücləndirilməsi üçün deyil, həm də gələcək onilliklər üçün əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan və Vyetnam təkcə dost deyil, həm də tərəfdaşdır – və bu tərəfdaşlıq yeni dövrdə daha güclü olacaq.”

İsmayıl Nağızadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button