
Coğrafi cəhətdən uzaq məsafədə olmalarına baxmayaraq, Azərbaycan və Vyetnam 66 ilə söykənən tarixi dostluq, tərəfdaşlıq münasibətlərinə malikdir. İki ölkə əsas sektorlarda praqmatik yanaşma və ümumi maraqlara əsaslanan davamlı və qarşılıqlı faydalı əlaqələr qurur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə zamanı bu məsələyə xüsusilə toxunaraq bildirdi ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Azərbaycan – Vyetnam münasibətlərini təhlil edərkən Azərbaycan xalqının Ümummilli Lideri, Vyetnamın böyük dostu Heydər Əliyevin rolunu xüsusilə qeyd etmək lazımdır. Onun bu ölkəyə səfəri Vyetnam üçün olduqca böyük, başqa sözlə, həyati əhəmiyyəti var idi. Əlbəttə ki, Fransa işğalından, ABŞ ilə dəhşətli müharibədən, eləcə də digər dövlətlərin müdaxiləsindən sonra da, Vyetnam regionda gedən geosiyasi proseslər fonunda yenə ciddi təhdidlə üzləşmişdi. Belə bir məqamda dahi Heydər Əliyevin səfəri Vyetnam xalqı və hökuməti üçün böyük dəstək ifadə edirdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.
Azərbaycanla Vyetnam arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkələrimizin qarşılıqlı etimada və tərəfdaşlığa əsaslanan əlaqələri gələcək əməkdaşlığın perspektivlərindən xəbər verir.
Dövlətimizin başçısı müsahibədə əlaqələrimizin tarixi və gələcək perspektivləri haqqında fikirlərini ifadə edib. 2014-cü ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhifə açıb, əlaqələrin bütün sahələr üzrə əməkdaşlığın inkişafına güclü təkan verib. 2015-ci ildə isə Vyetnamın Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri reallaşıb. Bu səfər də Azərbaycan-Vyetnam münasibətlərinin tarixində vacib hadisə olub və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaradıb. Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. Komissiya mütəmadi dialoq və birgə təşəbbüslərin səmərəli reallaşdırılmasında mühüm platformadır.
Hələ sovet dövründə Azərbaycanda minlərlə vyetnamlı gənc ali təhsil alıb. Onlar aldıqları təhsil ilə öz ölkələrinin inkişafına töhfə veriblər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüşüb. 2015-ci ildə isə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib.
Digər bir vacib məqam isə Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar layihələrdir. Fond 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Dövlətimizin başçısının müsahibədə dediyi kimi, ötən aprel ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib.
Ümumiyyətlə, hazırdaAzərbaycan-Vyetnam əlaqələrinin bundan sonra daha da inkişaf edəcəyini deməyə əsas verir.
Gülər Məmmədbəyli,
Xəzər rayonu, Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbin müəllimi