
Vyetnam Sosialist Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq münasibətləri uzun illərə əsaslanan qarşılıqlı hörmət və əməkdaşlıq üzərində qurulmuşdur. Hər iki ölkə, müxtəlif coğrafi bölgələrdə yerləşsə də, ortaq dəyərlər, beynəlxalq hüquqa hörmət və suverenliyə qarşılıqlı ehtiram prinsipləri çərçivəsində yaxın əlaqələr qurmuşdur. Vyetnam Azərbaycanın müstəqilliyini tanıyan ilk Asiya ölkəsidir. Diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, xalqlar arasında əlaqələrin tarixi daha da geriyə gedir.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, ölkələrimiz arasında dostluq münasibətlərinin qurulmasında dahi şəxsiyyət Heydər Əliyevin müstəsna rolu olmuşdur.
SSRİ dövründə bir çox vyetnamlı tələbə və mütəxəssis Azərbaycan ali təhsil müəssisələrində təhsil almış, bu da iki xalq arasında mədəni və insani körpülərin formalaşmasına səbəb olmuşdur. Hazırda həmin məzunlar iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verməyə davam edirlər.
Azərbaycanın müstəqillik əldə etməsindən sonra Vyetnamla münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. 2014-cü ildə Prezident İlham Əliyevin Hanoya dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Bakıya səfəri münasibətlərdə dönüş nöqtəsi olub. Bu səfərlər nəticəsində siyasi dialoqla yanaşı, iqtisadi və enerji sahələrində də yeni əməkdaşlıq imkanları formalaşıb.
İki ölkə arasında siyasi dialoqla yanaşı, iqtisadi-ticarət əlaqələri də inkişaf edir. Neft-qaz sənayesi, təhsil, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıq imkanları müzakirə olunmaqda və genişləndirilməkdədir. Azərbaycan ilə Vyetnam arasında imzalanmış bir sıra sənədlər əməkdaşlığın hüquqi bazasını möhkəmləndirir.
Mədəniyyət sahəsində də mühüm addımlar atılmışdır. Vyetnamda Azərbaycan musiqisi və mədəniyyəti ilə bağlı tədbirlər keçirilmiş, eyni zamanda Azərbaycanda vyetnam mədəni irsini tanıtmaq üçün müxtəlif sərgi və görüşlər təşkil olunmuşdur. Bu təşəbbüslər xalqlar arasında dostluğun dərinləşməsinə xidmət edir.
Beynəlxalq təşkilatlar çərçivəsində də Azərbaycan və Vyetnam bir-birini dəstəkləyən mövqelər nümayiş etdirir, BMT və Qoşulmama Hərəkatı kimi qurumlarda qarşılıqlı əməkdaşlıq edirlər.
Bütün bu amillər göstərir ki, Azərbaycan və Vyetnam arasındakı dostluq münasibətləri strateji və etibarlı tərəfdaşlığa doğru inkişaf etməkdədir. Bu dostluq gələcəkdə də hər iki xalqın rifahı naminə möhkəmlənəcəkdir.
Rəna Şükürova,
H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi