
Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq təkcə siyasi sahədə deyil, həm də iqtisadi və enerji sahələrində mühüm inkişaf mərhələsinə qədəm qoyur. Fevralın 24-də Bakıda imzalanan mühüm sənədlər iki ölkə arasında enerji sektorunda əməkdaşlığın genişləndirilməsi istiqamətində atılmış əhəmiyyətli addımlardır. Bu anlaşmalar qarşılıqlı sərmayələrin artırılması və enerji ticarətinin daha səmərəli şəkildə qurulmasına töhfə verəcək.
SOCAR ilə Pakistanın aparıcı enerji şirkətləri arasında imzalanan Anlaşma Memorandumları enerji sektorunda yeni imkanlar açır. “Frontier Works Organisation” (FWO) və “Pakistan State Oil Company Limited” ilə imzalanmış memorandumlar enerji infrastrukturunun inkişafı və birgə layihələrin həyata keçirilməsi üçün zəmin yaradır. Bu sənədlər hər iki ölkənin enerji təhlükəsizliyini təmin etmək və iqtisadi əlaqələri gücləndirmək məqsədi daşıyır.
Bundan əlavə, SOCAR ilə “Pakistan Refinery Limited” və “Pakistan State Oil Company Limited” arasında imzalanan Anlaşma Memorandumu Azərbaycan neftinin Pakistan bazarına çıxarılması və emal gücünün artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Bu razılaşmalar Azərbaycanın enerji strategiyasının beynəlxalq bazarlarda daha da möhkəmlənməsinə şərait yaradır.
“SOCAR Trading SA” və “Pakistan LNG Limited” arasında mayeləşdirilmiş təbii qaz yüklərinin alqı-satqısı ilə bağlı Çərçivə Sazişinə əlavə sənəd imzalanması isə Azərbaycan qazının Pakistan bazarına tədarükünü asanlaşdıracaq. Bu əməkdaşlıq təkcə iki ölkənin iqtisadi maraqlarına deyil, eyni zamanda regional enerji bazarında stabilliyin qorunmasına da töhfə verəcək.
Beynəlxalq münasibətlərin cari gedişatı fonunda Azərbaycan və Pakistanın mövqelərinin tam üst-üstə düşməsi ölkələrimiz arasındakı münasibətlərin strateji mahiyyətini bir daha sübut edir. İmzalanan sənədlər iqtisadi və enerji sahələrində qarşılıqlı maraqların qorunması baxımından yeni imkanlar açır və gələcək əməkdaşlığa güclü zəmin yaradır.
Sünbül Həsənquliyeva,
YAP Xəzər rayon təşkilatının fəalı