AnalitikaGündəmSiyasət

Azərbaycan-Pakistan əməkdaşlığının genişlənən üfüqləri

Azərbaycan və Pakistan arasındakı qardaşlıq münasibətləri tarixi, mədəni və dini bağlarla möhkəmlənmiş, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hər iki ölkə beynəlxalq arenada bir-birini daim dəstəkləyir və siyasi, iqtisadi, enerji, müdafiə və humanitar sahələrdə əməkdaşlığı gücləndirmək üçün ardıcıl addımlar atır. Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin görüşü bu tərəfdaşlığın daha da inkişaf etməsinə mühüm töhfə verib. Beynəlxalq münasibətlərin cari gedişatı fonunda Bakı və İslamabadın mövqeləri tam üst-üstə düşür və bu birlik iki ölkənin regional və qlobal siyasətdəki nüfuzunu daha da artırır.

Fevralın 24-də Bakıda imzalanan mühüm sənədlər Azərbaycan və Pakistan arasında iqtisadi və enerji sahəsində əməkdaşlığın genişlənməsinə zəmin yaradıb. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Frontier Works Organisation” (FWO) və “Pakistan State Oil Company Limited” arasında Anlaşma Memorandumunun imzalanması enerji sektorunda qarşılıqlı maraqların təmin olunmasını hədəfləyir. Eyni zamanda, SOCAR ilə “Pakistan Refinery Limited” və “Pakistan State Oil Company Limited” arasında imzalanan digər memorandum neft ticarətinin artırılması və emal infrastrukturunun inkişafına xidmət edəcək.

Enerji sahəsində əməkdaşlığın daha bir mühüm addımı “SOCAR Trading SA” ilə “Pakistan LNG Limited” arasında mayeləşdirilmiş təbii qazın alqı-satqısı ilə bağlı Çərçivə Sazişinə əlavə sənədin imzalanması olub. Bu razılaşma Azərbaycan qazının Pakistan bazarına çıxışını təmin edərək iki ölkə arasında enerji təhlükəsizliyi sahəsində yeni imkanlar açır. Hər iki dövlətin enerji sahəsindəki bu yaxınlaşması onların iqtisadi inkişafına və enerji bazarında daha güclü mövqeyə sahib olmasına şərait yaradacaq.

Azərbaycan və Pakistan arasında əməkdaşlıq təkcə enerji sahəsi ilə məhdudlaşmır. Hərbi və müdafiə sahəsində tərəfdaşlığın genişləndirilməsi, birgə təlimlərin keçirilməsi və müdafiə sənayesində əməkdaşlıq məsələləri müzakirə olunur. Təhsil, mədəniyyət və humanitar sahələrdə də əlaqələrin gücləndirilməsi nəzərdə tutulur. Universitetlər arasında tələbə mübadilə proqramları, elmi tədqiqatların birgə aparılması və mədəni tədbirlərin təşkili iki xalqın yaxınlaşmasına mühüm töhfə verir. Bütün bu addımlar Azərbaycan və Pakistan arasında qardaşlıq münasibətlərinin daha da dərinləşdiyini göstərir. İmzalanan müqavilələr, siyasi həmrəylik və qarşılıqlı dəstək bu iki dövlətin gələcəkdə daha sıx əməkdaşlıq etməsinə və strateji tərəfdaşlığını daha yüksək səviyyəyə çatdırmasına şərait yaradır. Bu tərəfdaşlıq regionda və beynəlxalq müstəvidə mühüm rol oynayaraq hər iki xalqın rifahına xidmət edəcək.

Nigar Cəlalova,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button