
Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji əməkdaşlıq uzun illərə söykənən dostluq və qardaşlıq, həmçinin ortaq tarix, mədəni və dini dəyərlər prinsiplərinə əsaslanır. Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Məsələn, beynəlxalq miqyasda Azərbaycanın ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyən Pakistan istər İkinci Qarabağ müharibəsində, istərsə də ordumuzun Qarabağda kök salmış terrorçu-separatçı qüvvələrə qarşı keçirdiyi lokal antiterror tədbirləri zamanı siyasi, mənəvi dəstəyi ilə ölkəmizin haqq işini müdafiə edib. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində Pakistanla əlaqələrimizi belə xarakterizə edib: “Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib”. Hazırda Pakistan Ermənistanın sülh danışıqlarına biganə yanaşmasına, öz havadarları sayəsində sürətlə silahlanmasına qarşı öz etirazını bildirməkdədir. Hətta bu yaxınlarda “hazırda həll olunmuş münaqişəni yenidən qızışdırmaq üçün cəhdlər var” deyən Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin bildirib ki, Azərbaycanın müsbət jestlərinə Ermənistanın qarşılıq verməməsi narahatlıq doğurur: “Ermənistanın baş naziri Azərbaycanın hərbi cəhətdən regionun ən güclü dövləti olduğunu nəzərə alaraq müdrik məsləhətləri dinləməlidir. Azərbaycanla Ermənistan arasında yaşanan problemlər ucbatından Pakistan bu günə kimi təcavüzkar ölkə ilə diplomatik əlaqələr qurmayıb və bu ölkənin müstəqilliyini tanımayıb. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif dəfələrlə vurğulayıb ki, yalnız Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanandan sonra bu məsələyə baxıla bilər. Bu isə o deməkdir ki, Pakistan sıx dostluq və qardaşlıq əlaqələri qurduğu Azərbaycana olduqca həssas yanaşır. Yeri gəlmişkən onu da bildirək ki, son illər ölkəmizlə ticarət dövriyyəsini artıran Pakistan ötən il Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) layiqincə təmsil olunub. Bu tədbir çərçivəsində Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüşdə ikitərəfli əlaqələrin inkişafı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi də müzakirə olunub. Yeri gəlmişkən, bu il yanvarın 24-də İslamabad şəhərində keçirilən Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasında da qardaş ölkənin bu addımı təqdirəlayiq hal kimi dəyərləndirilıb. Azərbaycan ilə Pakistan arasındakı iqtisadi-ticari əlaqələr, mədəni və humanitar münasibətlər strateji xarakter daşıyır və hər iki ölkənin hökumətləri bu sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün ciddi səylər göstərir. Digər tərəfdən, Pakistanla müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığımız da genişlənməkdədir. Buna nümunə kimi, ötən il Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilən JF-17C çoxfunksiyalı təyyarələrini göstərmək olar. Şübhəsiz, bu, iki ölkə arasındakı hərbi əməkdaşlığının yeni mərhələyə keçdiyinin bariz göstəricisidir. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Azərbaycan-Pakistan münasibətləri daha da inkişaf etməkdə və yeni əməkdaşlıq imkanları yaranmaqdadır. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin bu səfəri də iki ölkə arasındakı əməkdaşlığın daha da güclənməsinə öz növbəti töhfəsini verəcəyi şəksizdir. Bu mənada əminliklə demək olar ki, bu səfər Azərbaycanla Pakistan arasında əməkdaşlığın yeni mərhələsinin əsasını qoyacaq.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı