
Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında tarixi dostluq və strateji tərəfdaşlıq münasibətləri uzun illərdir ki, ən yüksək səviyyədə davam edir. Bu əlaqələr qarşılıqlı etimada, ortaq maraqlara və beynəlxalq münasibətlərdə eyni mövqeyə əsaslanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin siyasi baxışlarının üst-üstə düşməsi bu tərəfdaşlığı daha da gücləndirir.
Azərbaycan və Pakistan beynəlxalq arenada bir-birini daim dəstəkləyən dövlətlərdir. Xüsusilə, Ermənistanın Azərbaycana qarşı təcavüzü dövründə Pakistanın nümayiş etdirdiyi qətiyyətli mövqe Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Pakistan 1991-ci ildən bəri Ermənistanla diplomatik əlaqələr qurmayıb və Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib. Eyni zamanda, Azərbaycan da Kəşmir məsələsində Pakistana açıq dəstəyini ifadə edib. Bu qarşılıqlı siyasi həmrəylik iki ölkənin beynəlxalq münasibətlərdə eyni mövqedən çıxış etdiyini təsdiqləyir.
İqtisadi və hərbi sahələrdə əməkdaşlıq da Azərbaycan-Pakistan əlaqələrinin mühüm tərkib hissəsidir. Müdafiə sənayesi və hərbi təlimlər sahəsində tərəfdaşlıq intensivləşir. Hər iki ölkə regional təhlükəsizlik məsələlərində ortaq baxışlara malikdir və beynəlxalq terrorizm, ekstremizm və separatizmlə mübarizədə birlik nümayiş etdirir. Bu sahələrdə əməkdaşlığın dərinləşdirilməsi regionda sabitliyin qorunmasına töhfə verir.
Azərbaycan və Pakistan həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birini fəal şəkildə dəstəkləyir. Həm İslam Əməkdaşlıq Təşkilatında (İƏT), həm Qoşulmama Hərəkatında, həm də BMT və digər beynəlxalq qurumlarda hər iki dövlət ortaq maraqlarını müdafiə edir. Xüsusilə Qoşulmama Hərəkatına Azərbaycanın uğurlu sədrliyi çərçivəsində Pakistanın verdiyi dəstək bu ölkələr arasındakı sıx əməkdaşlığın göstəricisidir.
Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərifin görüşlərində dəfələrlə vurğulandığı kimi, Azərbaycan və Pakistanın beynəlxalq münasibətlərdəki mövqeləri üst-üstə düşür. Hər iki lider sülhün, ədalətin və beynəlxalq hüququn müdafiəsinə sadiqdir. Regionda və dünyada baş verən siyasi proseslərə dair ortaq baxışlar bu iki ölkənin strateji müttəfiqliyinin gələcək perspektivlərini daha da möhkəmləndirir.
Azərbaycan-Pakistan münasibətləri təkcə rəsmi səviyyədə deyil, həm də xalqlar arasında dərin dostluq və qardaşlıq tellərinə söykənir. İki ölkə arasında təhsil, mədəniyyət, ticarət və energetika sahələrində əməkdaşlıq daha da genişlənməkdədir. Bu əlaqələr gələcək illərdə daha da güclənərək, hər iki xalqın rifahına və beynəlxalq arenada birgə mövqelərinin möhkəmlənməsinə xidmət edəcəkdir.
Sevinc Qəhrəmanova,
YAP-ın gənc fəalı