AnalitikaGündəmSiyasət

Pakistan Baş nazirinin Azərbaycana Səfəri: İki ölkə arasındakı münasibətlərdə yeni səhifənin açılması

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 24-də Azərbaycana iki günlük rəsmi səfərə gəlib. Bu səfər iki ölkə arasında siyasi, iqtisadi və hərbi əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına töhfə verməklə yanaşı, strateji tərəfdaşlığı daha da möhkəmləndirmək məqsədi daşıyırdı.

Baş nazir Məhəmməd Şahbaz Şərifin səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşlər keçirilib. Görüşlər zamanı tərəflər bir sıra mühüm məsələləri müzakirə ediblər. Prezident İlham Əliyev Pakistanın Azərbaycanın ən yaxın dost və qardaş ölkələrindən biri olduğunu qeyd edərək, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə göstərdiyi qarşılıqlı dəstəyin vacibliyini vurğulayıb.

Öz növbəsində, Baş nazir Məhəmməd Şahbaz Şərif Azərbaycanın Pakistana verdiyi dəstəyə görə təşəkkür edib və iki ölkə arasındakı münasibətlərin dərin tarixi köklərə əsaslandığını bildirib. O, xüsusilə Azərbaycanın 2020-ci ildə Qarabağda qazandığı zəfəri alqışlayıb və Pakistanın Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini bir daha vurğulayıb.

Qeyd edək ki, səfər zamanı iki ölkə arasında ticarət, enerji və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb. Azərbaycan tərəfi Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları həcmində investisiya yatırmaq niyyətində olduğunu açıqlayıb. Bu sərmayə əsasən neft və qaz kəşfiyyatı, bərpa olunan enerji layihələri və enerji səmərəliliyinin artırılması sahələrinə yönəldiləcək.

Həmçinin, tərəflər ticarət dövriyyəsinin artırılması üçün konkret addımların atılmasının vacibliyini vurğulayıblar. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi nisbətən aşağı səviyyədədir, lakin bu səfər çərçivəsində imzalanan yeni razılaşmalar sayəsində yaxın illərdə qarşılıqlı ticarətin əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Azərbaycan-Pakistan Biznes Forumu çərçivəsində hər iki ölkənin iş adamları bir araya gəlib və yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər. Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif forumda çıxış edərək, iş adamlarını fəal əməkdaşlığa çağırıblar. Azərbaycan və Pakistan arasında hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilən əsas mövzulardan biri olub. Pakistanın hərbi texnologiyalar sahəsində təcrübəsi və Azərbaycanın bu sahədə inkişaf etməkdə olan bazarı nəzərə alınaraq, müdafiə avadanlıqlarının birgə istehsalı və hərbi təlimlərin birgə keçirilməsi məsələləri gündəmə gəlib.

Məhz, Pakistan və Azərbaycan arasında mədəniyyət və təhsil sahəsində əlaqələrin gücləndirilməsi məqsədilə bir sıra yeni təşəbbüslər irəli sürülüb. Pakistanın ali təhsil müəssisələri ilə Azərbaycanın universitetləri arasında tələbə mübadiləsi proqramlarının genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və mədəni tədbirlərin təşkili məsələləri müzakirə edilib.

Fevralın 25-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri başa çatıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda onu Azərbaycan hökumətinin yüksək səviyyəli nümayəndələri yola salıblar. Bu səfər Azərbaycan və Pakistan arasındakı əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İmzalanan sənədlər və aparılan müzakirələr nəticəsində iki ölkə arasındakı strateji tərəfdaşlıq yeni səviyyəyə çatacaq və qarşılıqlı maraqlar çərçivəsində daha sıx əməkdaşlıq ediləcək.

Pakistan və Azərbaycan arasındakı münasibətlər tarixi, mədəni və dini bağlarla möhkəmlənib və bu əlaqələr gələcəkdə daha da dərinləşəcək. Səfərin nəticələri göstərir ki, hər iki tərəf bir-birinə güclü siyasi, iqtisadi və diplomatik dəstək verməyə davam edəcəkdir.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button