
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüş iki ölkə arasındakı dostluq və strateji tərəfdaşlığın növbəti təzahürü oldu. Görüş zamanı liderlər siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirələr apardılar. Azərbaycan və Pakistanı tarixi və mədəni bağlar birləşdirdiyindən, bu münasibətlərin daha da inkişaf etdirilməsi hər iki tərəf üçün əhəmiyyətlidir.
Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Pakistanın Azərbaycan qaz bazarına maraq göstərməsi və qarşılıqlı sərmayələrin artırılması prioritet istiqamətlərdən biri kimi qiymətləndirilib. Hərbi sahədə tərəfdaşlıq da müzakirə edilən əsas məsələlərdən biri olub. Hər iki ölkənin silahlı qüvvələrinin gücləndirilməsi istiqamətində əməkdaşlıq münasibətlərin strateji xarakterini daha da möhkəmləndirir.
Görüşdə humanitar sahədə də əməkdaşlığın artırılması müzakirə olunub. Təhsil, mədəniyyət və turizm sahələrində əlaqələrin genişləndirilməsi, tələbə mübadiləsi proqramlarının inkişaf etdirilməsi hər iki ölkə xalqları arasında daha sıx əlaqələr yaradılmasına xidmət edir. Xüsusilə Pakistan və Azərbaycanın universitetləri arasında əməkdaşlığın gücləndirilməsi məsələsi diqqət çəkib.
Liderlər görüşün sonunda Azərbaycan və Pakistanın dostluq və qardaşlıq münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq üçün birgə səylərini davam etdirməkdə qərarlı olduqlarını vurğuladılar.
Mustafayev Kamran,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi