AnalitikaGündəmSiyasət

Azərbaycan və Pakistan arasındakı sarsılmaz dostluq və strateji əməkdaşlıq tarixi köklərə əsaslanır

Azərbaycan və Pakistan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə əsaslanır. Hər iki ölkə ortaq dini, mədəni və siyasi dəyərlərə malikdir və bu, onların bir-birinə daimi dəstək verməsinə səbəb olur. Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. O vaxtdan bəri iki dövlət arasında münasibətlər sürətlə inkişaf etmiş, siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə əməkdaşlıq güclənmişdir.

Azərbaycan və Pakistan daim bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Pakistan Azərbaycanın Qarabağ münaqişəsində haqq işini tam dəstəkləyərək, Ermənistan ilə diplomatik əlaqələr qurmayan nadir ölkələrdən biri olub. Azərbaycan isə Kəşmir məsələsində Pakistanın mövqeyini müdafiə edərək, beynəlxalq platformalarda bu dəstəyi açıq şəkildə nümayiş etdirib. İqtisadi və ticarət sahəsində də əməkdaşlıq genişlənməkdədir. Hər iki ölkə enerji, nəqliyyat, kənd təsərrüfatı və müdafiə sənayesi sahələrində birgə layihələr həyata keçirməyə maraq göstərir. Həmçinin, təhsil və mədəniyyət sahələrində də tərəfdaşlıq inkişaf edir, tələbə mübadilə proqramları və mədəni tədbirlər təşkil olunur.

Bu dostluq yalnız hökumətlər səviyyəsində deyil, həm də xalqlar arasında səmimi münasibətlərə əsaslanır. Azərbaycan və Pakistan liderləri hər zaman iki ölkə arasındakı qardaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyini vurğulayır. Bu strateji əməkdaşlıq gələcək illərdə də davam edəcək və hər iki ölkənin inkişafına böyük töhfələr verəcəkdir.

Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüş keçirib. Görüşdə iki ölkə arasındakı strateji əməkdaşlığın inkişafı, iqtisadi və hərbi sahələrdə qarşılıqlı münasibətlərin gücləndirilməsi, eləcə də beynəlxalq platformalarda birgə fəaliyyət məsələləri müzakirə olunub. Prezident cənab İlham Əliyev Azərbaycan və Pakistan arasında qardaşlıq münasibətlərinin dərin köklərə malik olduğunu vurğulayaraq, ölkələrimizin daim bir-birinə dəstək verdiyini qeyd edib. Dövlət başçısı Azərbaycan-Pakistan əməkdaşlığının təkcə siyasi sahədə deyil, eyni zamanda iqtisadi, ticarət və müdafiə sahələrində də inkişaf etdiyini bildirib.

Baş nazir Məhəmməd Şahbaz Şərif isə Pakistanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini və bu dəstəyin gələcəkdə də davam edəcəyini vurğulayıb. O, Pakistanın Azərbaycan ilə iqtisadi və ticarət əlaqələrinin daha da genişləndirilməsində maraqlı olduğunu, xüsusilə enerji, nəqliyyat və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün imkanların olduğunu bildirib.

Görüşdə, həmçinin, hər iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər regional təhlükəsizlik və sabitlik mövzusunda fikir mübadiləsi aparıblar və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyini qeyd ediblər.

Sonda liderlər Azərbaycan və Pakistan arasında dostluq və tərəfdaşlıq əlaqələrinin gələcək illərdə daha da möhkəmləndiriləcəyinə əmin olduqlarını bildiriblər.

Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button