AnalitikaGündəmSiyasət

Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri möhkəm bünövrəyə əsaslanır

Ölkəmizdə səfərdə olan Pakistanın İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə cənab İlham Əliyevin  keçirdiyi görüşlər və imzalanan çoxsaylı sənədlər iki dost ölkənin əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini təqdim edir. Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr quran Azərbaycan əmkdaşlıqda yeni istiqamətlərin müəyyənləşdirilməsinə xüsusi önəm verir. Əsas çağırış dövlətlərarası münasibətlərdə qarşılıqlı etimadın qorunmasıdır. Bunun üçün tarixi Zəfərimizdən və suverenliyimizin bərpasından sonra ikitərəfli əməkdaşlığın coğrafiyasına və beynəlxalq təşkilatlarda əlaqələrin inkişafına diqqət yetirmək kifayətdir.  Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyi ölkələrdən biri dost, qardaş Pakistandır. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 24-də ölkəmizə dövlət səfəri keçilən yolun təqdimatı oldu. Dövlətimizin başçısı İlham Əliyev Pakistanın Baş naziri ilə təkbətək və   geniş tərkibdə görüşlər keçirdi. Bu görüşlərdə münasibətlərimizin hazırkı inkişaf səviyyəsi geniş təhlil edildi, hazırkı dövrün aktual məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycan və Pakistan liderlərinin mətbuata birgə bəyanatlarında bir daha bu reallıq xüsusi diqqətə çatdırıldı ki, qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri möhkəm bünövrəyə əsaslanır. Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub.  Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Uzun illər boyu bu münasibətlər siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə, parlamentlər səviyyəsində inkişaf edərək daha da dərinləşib. Möhkəm təmələ, qarşılıqlı etimada əsaslanan dostluq, qardaşlıq münasibətləri sarsılmazdır və hər iki tərəf bu əməkdaşlığın daha da möhkəmlənməsində, bütün sahələr üzrə inkişafında maraqlıdır. İki ölkənin münasibətlərinin hazırkı inkişafında möhkəm təməlin rolu inkaredilməzdir. Bu təməlin qurulmasında Ümummilli Lider Heydər Əliyevin rolu danılmazdır. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev müstəqillik yollarında ilk addımlarını atan ölkənin qarşısında dayanan vəzifələrdən bəhs edərkən ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin qurulmasını vacib amil kimi önə çəkmişdi.

Azərbaycan hər zaman əməkdaşlığa önəm verir, yerləşdiyi coğrafi məkan yeni körpülərin qurulmasında stimulverici amil rolunu oynayır. Ulu Öndər Heydər Əliyevin 1996-cı ildə dost, qardaş ölkəyə rəsmi səfəri əlaqələrimizin bugünkü və gələcək inkişafında əhəmiyyətli rol oynadı. Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən cənab İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir, ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inama və etimada əsaslanan yüksəksəviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına böyük təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır.

Aida Əliyeva,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button