
“Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır”. Bu sözləri Azərbaycan Prezidenti Cənab İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.
Bu gün Azərbaycanın bir çox dünya ölkələri ilə yanşı, Çinlə də əlaqələri uğurlu inkişaf yolundadır. Ötən müddət ərzində dövlətlər arasında əlaqələr qarşılıqlı faydalı tərəfdaşlıq və dostluq prinsipləri əsasında uğurla inkişaf etdirilib. Bu əlaqələr xalqların mənafeyinə uyğun olaraq inkişaf edir. İkitərəfli əlaqələrin sürətlə inkişaf edərək hazırkı səviyyəyə çatmasında yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanan sənədlər mühüm rol oynayıb.
Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq baxımından Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ölkəmiz üçün mühüm önəm daşıyır. Azərbaycan bu layihəni dəstəkləyən ilk ölkələrdən oldu. “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır.
Sonda Cənab prezident İlham Əliyev onu da bildirib ki, 17 il hakimiyyətdə olandan sonra biz, nəhayət, vəd etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, ərazi bütövlüyünü və ləyaqətimizi bərpa etdik. Beləliklə, ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin. Beləliklə, siz özünüz və ölkəniz uğur qazanmış olacaqsınız.
Aygün Abbasova,
Sabunçu qəsəbəsi, 170 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi