
Dövlət və özəl investisiyanın yaşıl enerjiyə cəlb edilməsi ölkəmizin gələcəyə yönələn layihələri ilə bağlıdır. Qaradağ Günəş Elektrik Stansiyasının (GES) fəaliyyətə başlaması ölkənin iqtisadi həyatında – enerji sektorunda yeni mərhələnin başlanğıcı oldu. Stansiyada hər il 500 milyon kilovat /saat elektrik enerjisi istehsal etməklə 110 milyon kubmetr təbii qaza qənaət etmək mümkün olacaq. Bu, atmosferə atılan karbon qazının emissiyasını 200 min ton azaldacaq. Yaşıl enerjiyə keçid həm karbon emissiyası üzrə ölkəmizin üzərinə götürdüyü öhdəliklərə sadiqliyini göstərir. Öhdəliyə əsasən Azərbaycan 2050 – ci ilə qədər istixana qazı emissiyalarını 40 faizədək azaltmalı və işğaldan azad edilmiş ərazilərdə “Sıfır emissiya” zonası yaratmalıdır. Bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir.
Beynəlxalq ictimaiyyət SOCAR və “Masdar” arasında iki günəş və bir külək elektrik stansiyasının tikintisini əhatə edən əməkdaşlığı diqqətlə izləyir. Bu tərəfdaşlıq çərçivəsində üç böyük layihə həyata keçirilir : 445 Mvt gücündə Biləsuvar Günəş Elektrik stansiyası, 315 Mvt gücündə Neftçala Günəş Elektrik stansiyası və 240 Mvt gücündə Abşeron – Qaradağ Külək Elektrik stansiyası. Bu layihələr uğurlu olarsa, regiondakı digər investorlar üçün ən yaxşı təcrübə nümunəsinə çevrilə bilər. Bu təşəbbüslər Azərbaycanın bərpaolunan enerji sahəsində strateji hədəflərinə uyğundur. Və buna əsasən 2030 – cu ilə qədər ölkənin ümumi enerji balansında yaşıl enerjinin payı 30 faizə çatmalıdır.
Dövlət başçımız cənab İlham Əliyev hesab edir ki, qazıntı enerji növlərinə malik olan ölkələr əldə etdikləri gəlirləri yaşıl texnologiya və yaşıl enerjiyə investisiya etməlidirlər. Prezident İlham Əliyev öz müsahibəsində qeyd edib ki, bizim 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilaq olacaq. Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Günəş panelləri Çində istehsal ounur. Biz ən yaxşı batareyaların Çində istehsal olunduğunu müəyyən etmişik. Dövlət başçısı bu möhtəşəm uğur münasibətilə Çin istehsalçılarını təbrik etmişdir.
Dövlət başçımız həmçinin qeyd etmişdir ki, COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə bir müqavilə imzalanıb. Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq. Bu , yaşıl enerji üçün bir dəhlizdir və onun nəhəng potensialı var. Azərbaycan yaşıl keçiddə çox fəal rol oynayır.
Bütün bunlar o deməkdir ki, Azərbaycan dövləti yaşıl enerjiyə keçid istiqamətində çox fəal çalışır və müsbət nəticələr əldə olunmaqdadır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, indi zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq , biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Həm ekoloji təmizliyin qorunması, həm iqtisadi gücün təmin edilməsi, həm də ümumi inkişaf səviyyəsinin yüksəldilməsi üçün bu layihələr çox qiymətlidir. Ölkəmizin yaşıl enerji sahəsində icra etdiyi və planlaşdırdığı layihələr Azərbaycanı qlobal bazanın aparıcı qüvvəsinə çevirəcək. Bu, təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə tövhəmizidir.
Ülviyyə Xudaverdiyeva,
Zabrat qəsəbəsi, 71 № li tam orta məktəbin ibtidai sinif müəllimi