AnalitikaGündəmSiyasət

Azərbaycanın Çin ilə iqtisadi və siyasi əlaqələrinin inkişafı sürətlə artmaqdadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Bu müsahibə Azərbaycan-Çin münasibətləri, regional və qlobal iqtisadi inkişaf, nəqliyyat və logistika sahəsində əməkdaşlıq kimi mühüm mövzulara həsr olunmuşdur. Davos İqtisadi Forumu çərçivəsində baş tutan bu müsahibə zamanı Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq əməkdaşlığa və iqtisadi inteqrasiyaya verdiyi önəmi vurğulayıb. Xüsusilə, “Bir kəmər, bir yol” təşəbbüsündə Azərbaycanın rolundan, tranzit potensialından və ölkənin həyata keçirdiyi infrastruktur layihələrindən danışıb. O, Azərbaycanın mühüm nəqliyyat qovşağına çevrildiyini və regionda etibarlı tərəfdaş olduğunu qeyd edib. Müsahibə zamanı həmçinin Azərbaycanın Çin ilə iqtisadi və siyasi əlaqələrinin inkişafına toxunulub. Son illərdə ticarət dövriyyəsinin artması, yeni investisiya layihələrinin reallaşdırılması və strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsi xüsusi qeyd edilib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra güclü və özünü təmin edən iqtisadiyyat quraraq regionda mühüm mövqeyə sahib olub. Xarici borcun ÜDM-ə nisbəti cəmi 6,9 faiz təşkil edir ki, bu da iqtisadi sabitliyin göstəricisidir. Ölkə mühüm nəqliyyat və enerji layihələrinə imza ataraq regional və qlobal iqtisadi sistemin ayrılmaz hissəsinə çevrilib. Azərbaycan həmçinin COP29 İqlim Konfransına ev sahibliyi edərək, beynəlxalq ictimaiyyətin etimadını qazanıb və bu, ölkənin xarici siyasətinin uğurlarını nümayiş etdirir. Prezident İlham Əliyev müsahibəsində COP29 çərçivəsində Azərbaycanın qlobal iqlim problemlərinin həllinə verdiyi töhfələri vurğulayıb. Xüsusilə kiçik ada dövlətlərinin iqlim dəyişikliyi nəticəsində üzləşdiyi ekzistensial təhlükəyə diqqət çəkib və bu dövlətlərə dəstək üçün konkret addımlar atıldığını bildirib. Azərbaycan həmçinin Qlobal Cənubla Qlobal Şimal arasında iqlim məsələlərində daha möhkəm əlaqələrin qurulmasını təşviq edir.

Çin şirkətlərinin ölkəmizə olan böyük marağı təsadüfi deyil. Çünki  son illər ərzində Azərbaycan resursdan asılı iqtisadiyyatdan innovasiya, sahibkarlıq və biliyə əsaslanan sənaye üzərində inkişaf edən iqtisadiyyata uğurla keçid edib. Tətbiq edilən vergi güzəştləri, güzəştli kreditlər, hökumət təşəbbüsləri ilə dəstəklənən əlverişli investisiya mühiti və dövlət–özəl sektor tərəfdaşlığının genişləndirilməsi diqqətdə saxlanılıb. İşğaldan azad edilən ərazilərdə vergi güzəştləri, sosial sığorta müavinətləri, təkmil investisiya təşviqi mexanizmləri, kommunal xidmətlər üzrə güzəştlər, əmək miqrasiyası kvotasının müəyyənləşdirilməsi və sadələşdirilən iş prosedurları ilə bağlı əlverişli şərtlər Çin şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrə marağını şərtləndirib.

Çin iqtisadiyyatı çox sabitdir və bu, qlobal iqtisadiyyatın mühüm bir amilidir. Qazıntı enerji növləri üzrə sabit qiymətlərə ehtiyacı olan Azərbaycan kimi ölkə üçün Çin iqtisadiyyatı da mühüm bir amildir. Çin iqtisadiyyatı sürətlə inkişaf etdikcə, qazıntı enerji növünə olan tələbat daha da artır. Odur ki, biz Çin iqtisadiyyatının həmişə inkişaf etməsi nöqteyi-nəzərindən maraqlıyıq.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button